Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhidlərin xatirəsi anılıb

12 mart 2019 | 16:00

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir.
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur.
Bu gün ellikcə üçüncü çərşənbəni qeyd edirik. Başqa çərşənbələrdən mahiyyətinə, daşıdığı  məna yükünə, missiyaya görə seçilən  bu  çərşənbə,  bu  gün  kütləvi  deyildiyi kimi,"yel çərşənbəsi" deyil. Eyni zamanda, el arasında onun başqa adı var. Bu çərşənbə eyni zamanda, "gül çərşənbə", "qara bayram", "qara çərşənbə", "ata-baba günü", "ölülər bayramı" kimi də qeyd edilir. Bəli, bu çərşənbədə rəhmətə gedən doğmalarımızın xatirəsini yad edilir, məzarlıqlar təmizlənir, ümumilikdə təmizlik işləri həyata keçirilir.
Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur.
Bu gün Qazax rayonunda keçirilən tədbir də bu dediklərimizin əyani sübutudur. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə şəhidlərin xatirəsinin anılmasına həsr olunan və bütün rayon ictimaiyyətinin iştirak etdiyi bu tədbir bir daha sübut edir ki, Qazaxda şəhidlərimizin əziz xatirəsi hər zaman uca zirvədə tutulur.
Şəhidlərimizin uyuduqları qəbiristanlıqda təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın kənd İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri,  məktəb direktorları, şəhər və kənd ağsaqqalları,              şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fəal gənclər və KİV nümayəndələri işirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub və məzarları üstünə tər güllər düzülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə çıxış edərək qeyd edib ki, bu gün özümə borc bildim ki, ilk növbədə rayon rəhbəri olaraq, eyni zamanda, bir vətəndaş olaraq şəhidlərimizi yad edim və onlara olan ehtiramımı bildirim. Bu gün onların uyuduqları qəbiristanlığa toplaşmaqla ruhları qarşısında bir daha baş əyərək şəhidlərimizin daim qəlblərdə yaşadıqlarını bugünkü gənc nəsillərə çatdıraq.
“Çünki bu, hər birimizin vətəndaşlıq borcu olmalıdr”, - deyən icra başçısı şəhidlərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, bu gün ölkə başçısı tərəfindən şəhid ailələrinə verilən dəyər, göstərilən qayğı hər kəsə yaxşı məlumdur. Məhz ölkə prezidenti yenidən rəhbər kimi fəaliyyətə başladığı gündən atdığı ilk uğurlu addım Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 19 aprel 2018-ci il tarixli Fərman oldu. Ölkə başçısı bu Fərmanı ilə bir daha sübut etdi ki, şəhid ailələrinin maddi rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutur. Rayon rəhbəri vurğulayıb ki, ötən il olduğu kimi, bu il də ilk addım yenə də şəhid ailələri ilə bağlı atıldı. Dövlət başçısı birdəfəlik ödəmə ilə bağlı Fərmana dəyişiklik etdi və 11 min manat məbləğində birdəfəlik ödəmə bütün şəhid ailələrinə şamil edildi. Bundan əlavə, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Respublika Prezidentinin Fərmanına əsasən həmin təqaüdün məbləği 242 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, şəhid ailələrinin mənzillərlə təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür. Bütün bunlar isə şəhidlərimizə və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Rayon rəhbəri qeyd edib ki, bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İcra başçısı bildirib ki, hamınıza yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən ziyarət etdiyim ilk məkan məhz şəhid qəbiristanlıqları, Şəhidlər xiyabanı oldu. İlk görüşüm siz şəhid ailələri ilə keçirildi. Çünki hər zaman özümə borc bilmişəm ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini əziz tutum. Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərini hər zaman diqqət mərkəzində saxlayım.
İcra başçısı qeyd edib ki, bu gün rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. Təqaüdlərin, əməkhaqqının, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, Əfqanıstan müharibəsi iştirakçılarının, məcburi köçkün ailələrinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan rayon rəhbəri görülən bu işləri ölkə vətəndaşlarına verilən ən böyük qiymət kimi dəyərləndirib. 
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”  İctimai Birliyinin sədr müavini Xasay Balayev çıxış edərək ölkə başçısı və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, bugünkü tədbir bir daha onu sübut edir ki, illər ötsə belə Vətəni canından əziz tutan igid oğul və qızlarımız daim yad olunacaqlar. Ən əsası da ölkə rəhbərinin, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində işğalda olan torpaqlarımız, rayonlarımız azad olunacaq və bu gün xatirələrini yad etdiyimiz şəhidlərin ruhu rahatlıq tapacaq.
II qrup Qarabağ müharibəsi əlili Qurban Qurbanov da çıxışı zamanı Qazaxda şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edib. Bildirib ki, rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu dediklərimizin bariz nümunəsidir.
Gənclərdən Azərbaycan  Rəssamlar  İttifaqının  üzvü, gənc rəssam Akif Əmirov, şəhid Mühüd Orucov adına Mərkəzin direktoru Gülanə Hüseynova, Qazax Dövlət Sosial-iqtisadi Kollecin IV kurs tələbəsi Elşad Carçıyev çıxış edərək bildiriblər ki, bu gün biz gənclər rahat şəkildə yaşayırıqsa, azad və firəvan bir ölkənin vətəndaşıyıqsa, bu, siz qəhrəman şəhid analarının böyütdüyü igid oğullar sayəsində mümkün olmuşdur. Biz gənclər bu gün ən ali zirvəyə - şəhidlik zirvəsinə yüksələn şəhidlərimizlə qürur duyuruq. Hər zaman onların müqəddəsliyi, ruhları qarşısında baş əyirik. Çünki şəhidlər bizim keçmişimizlə gələcəyimizi bizlərə bəxş edən dəyərli şəxslərdir. Onları yad etmək, xatirələrini əziz tutmaq biz gənclərin ən ümdə vəzifəsidir. Bu gün biz gənclərin üzərinə elə bir vəzifə düşür ki, onu yerinə yetirməli, ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək Vətəni bizlərə əmanət edən şəhidlərimizin qisasını almalıyıq. Ali Baş Komandanın əmrinə hər an hazır olan müsəlləh əsgərlər olmalıyıq. Çünki şəhidlərimizin axıtdıqları qan öz haqqını tapmaz. Bu haqqı isə biz gənclər qaytararaq siz şəhid analarının üzünə dik baxmalıyıq. O zaman şəhidlərimizin ruhu da əbədi rahatlıq tapacaq.          
Şəhid anaları Tamella Süleymanova, Rəxmayə Süleymanova, şəhid ailəsi Kifayət Mustafayeva çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz şəhid anaları övladlarımızla fəxr edirik. Qürur hissi duyuruq ki, övladlarımız Vətən yolunda ən uca zirvəyə yüksələrək biz analarının, yaxınlarının başını uca tutublar. Eyni zamanda, bizlərə olan qayğını, diqqəti görəndə, bu cür tədbirlərin təşkil olunmasını biləndə ruhlanırıq ki, igid oğul və qızlarımız unudulmurlar. Onların xatirəsi belə əziz tutulur. Bildiriblər ki, biz şəhid anaları, ataları, yaxınları dövlətin qayğısı ilə yanaşı, rayon rəhbərlyinin də diqqətini hər zaman hiss etmişik. Biz ilk gündən arxamızda bir dayağın olduğunu görmüşük. Bizlərə olan böyük səmimiyyətin nəticəsidir ki, bu gün rayon rəhbərini kimisi ata, kimisi oğul, kimisi qardaş hesab edir. Dəfələrlə bu cür tədbirlərin təşkil olunması ilə bizlərin yanında olduğunu bir daha göstərir. Bugünkü tədbirə görə minnətdarlıqlarını bildirən şəhid ailələri hər zaman dövlətdən və dövlət başçısından razı qaldıqlarını qeyd ediblər.
Şəhid atası Abbas Mirzəyev, şəhid qardaşı Vaqif Məmmədov da dövlət tərəfindən şəhidlərə göstərilən qayğıdan söz açaraq bütün şəhid ailələri adından təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, gün gələcək işğal altında olan rayonlarımız, o cümlədən də Qazaxın 7 kəndi düşmən tapdağından azad ediləcək və biz şəhidlərimizin əziz xatirəsini həmin torpaqlarda yad edəcəyik. Çıxış edənlər qələbə xəbərinin və Azərbaycanın müstəqilliyini bizlər üçün qoruyub saxlayan Vətən oğullarınn ruhlarının şad olacağı günün uzaqda olmadığını qeyd ediblər.

Keçidlər