Qazaxda növbəti “Novruz mühazirəsi” keçirilib
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti “Novruz mühazirəsi” keçirilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev, nazirliyin mətbuat xidmətinin katibi Cəsarət Valehov, nazirlikdə baş məsləhətçi Billurə Hacızadə, akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, Avrasiya Unversitetinin professoru Ədalət Tahirzadə, Ayna.az saytının və Ayna tv-nin təsisçisi Elçin Şıxlı, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nürəddin Heydərov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin nümayəndəsi Təranə Məhərrəmova, rejissor Orxan Ağazadə, seminariyanın məzunları, rayonun pedaqoji ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.
Əvvəlcə mühazirə iştirakçıları 2 nömrəli tam orta məktəbin həyətində Qazax müəllimlər seminariyasının 100 illiyi münasibətilə 100 ağac əkiblər.
Sonra tədbir 2 nömrəli tam orta məktəbin akt zalında davam edib.
Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev tədbiri açaraq Təhsil Nazirliyi tərəfindən 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirildiyini bildirib. Mühazirələrdə Milli Məclisin deputatları, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlərin ictimaiyyətə çatdırıldığını diqqətə çatdırıb.
Qazax müəllimlər seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti olduğunu vurğulayan Ə.Quliyev bildirib ki, Qazax tarixən maarifçilik ənənələri ilə tanınıb, bu ənənə indi də davam edir. Ölkə prezidenti İlham Əliyev tərəfindən Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam verildiyini diqqətə çatdıran natiq Sərəncama uyğun olaraq, Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq olunduğunu bildirib. Bu gün təhsil ictimaiyyəti və Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli bir tədbirin baş tutduğunu qeyd edən Ə.Quliyev bu cür tədbirlərin silsiləli şəkildə davam etdiriləcəyini vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək qonaqları qarşıdan gələn milli bayramımız olan Novruz bayramı və əlamətdar tədbirin keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Seminariyanın 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyətini diqqətə çatdıran rayon rəhbəri ölkə prezidentinin təhsilin inkişafına göstərdiyi qayğı, həyata keçirilən islahatlar barədə danışıb. Qeyd edib ki, bildiyiniz kimi, 1918-ci ildə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi böyük maarifçi Firudin bəy Köçərli tərəfindən Qazaxa köçürülmüş və elə həmin il noyabr ayının 10-da Qazax müəllimlər seminariyası kimi fəaliyyətə başlamışdır. 1918-ci ildən 1959-cu ilədək fəaliyyət göstərən seminariya mövcud olduğu 40 il ərzində 3 mindən çox ixtisaslı müəllim kadrı hazırlamışdır. Seminariyanın yetişdirdiyi müəllimlər Azərbaycanın bütün bölgələrində, eləcə də qonşu Respublikanın Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında, Azərbaycanda elmin inkişaf etməsində böyük xidmətlər göstərmiş, əsl maarif çırağı yandırmışlar. Seminariya adı Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış Səməd Vurğun, Osman Sarıvəlli və İsmayıl Şıxlı kimi görkəmli simalar yetişdirmişdir.
Ulu öndər Heydər Əliyev Qazax müəllimlər seminariyasının bu fəaliyyətini yüksək qiymətləndirərək, 1999-cu ildə seminariyanın 80 illik yubileyi ilə bağlı keçirilən ümumrespublika elmi-praktik konfransının iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd etmişdir ki: “Qazax müəllimlər seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir”.
Azərbaycan elminin, təhsilinin himayədarı olan Prezident cənab İlham Əliyev elm-təhsil tariximizdə silinməz izlər qoymuş “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2018-ci il tarixli Sərəncam imzalamışdır. Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra işlər görülmüşdür.
Rayon rəhbəri bildirib ki, bununla bağlı Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam verilmiş və tədbirlər planı hazırlanmışdır. Tədbirlər planı Təhsil Nazirliyinə təqdim edilmiş və olduğu kimi qəbul edilərək nazir Ceyhun Bayramov tərəfindən imzalanaraq təsdiq edilmişdir.
Seminariyanın 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Qazax rayonun qabaqcıl elm, təhsil və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Komissiyada qarşıda duran işlər müzakirə edilmiş, verilən təkliflər nəzərdən keçirilmişdir. Tədbirlər planına uyğun olaraq seminariyanın 100 illiyi ilə bağlı “Ziya ocağı” adlı tarixi kitabın yazılması qərara alınmışdır. Bununla əlaqədar nümayəndəmiz Milli Arxiv İdarəsində olmuş, Milli Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Təhsil Nazirliyinin Təhsil Tarixi Muzeyində və Axundov adına kitabxanada araşdırmalar aparmışdır. Eyni zamanda, işin davamı olaraq araşdırma aparmaq üçün Gürcüstan Milli Arxivinə müraciət edilmiş, elektron sorğu göndərilmişdir. Yaxın günlərdə nümayəndəmiz Gürcüstan Milli Arxivində də araşdırma aparılması işlərinə başlayacaqdır.
İcra başçısı qeyd edib ki, yubileylə bağlı “Qoridən gələn Ziya qatarı” filminin çəkilməsi də nəzərdə tutulmuşdur ki, bununla bağlı filmin ssenarisi yazılmış və yaxın günlərdə çəkilişlərinə başlanılacaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə seminariyanın 100 illiyinə həsr edilmiş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda elmi-praktik konfransın keçirilməsini planlaşdırmışdır. Həmin konfransın may ayında Qazax rayonunda keçirilməsi nəzərdə tutulmuşdur.
Rayon rəhbəri çıxışının sonunda bir daha Prezident İlham Əliyevə elmə, təhsilə və ziyalılarımıza verdiyi yüksək dəyərə görə Qazax ziyalıları və ictimaiyyəti adından öz dərin minnətdarlığını bildirib. Eyni zamanda, son illərdə təhsildə aparılan ciddi islahatlara görə Təhsil naziri Ceyhun Bayramova öz adından, müəllimlər və ziyalılar adından təşəkkürünü çatdırıb.
Sonra akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax müəllimlər seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub.
N.Cəfərov Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi və onun varisi olan Qazax müəllimlər seminariyasının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən biridir.
Məruzəçi qeyd edib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Azərbaycanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.
N.Cəfərov diqqətə çatdırıb ki, Qazax müəllimlər seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb.
Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə çıxış edərək yazmış olduğu “Azərbaycan cümhuriyyəti tələbələri” adlı kitabdan söz açıb. Həmin kitabda Qazax müəllimlər seminariyasının məzunlarının adlarının da qeyd olunduğunu bildirib. Natiq çıxışı zamanı vurğulayıb ki, Qazaxın ziyalılar yurdu olduğunu, Azərbaycan Cümhuriyyətinin yaradılmasında payı olan qazaxlı ziyalıların simasında da aydın şəkildə görmək olar.
Seminariyanın 90 yaşlı məzunu Nuşrəvan Xəlilov da tədbirdə söz alaraq keçmiş xatirələrindən danışıb. Vaxtilə təhsil aldığı və Azərbaycan elminə, təhsilinə görkəmli şəxsiyyətlər bəxş edən Qazax müəllimlər seminariyasının məzunu olduğu üçün bu gün fəxr etdiyini və qürur hissi keçirdiyini bildirib.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Bildirib ki, bu gün cəmiyyətdə tutduğumuz yerlərdə vaxtilə Qazax müəllimlər seminariyasının məzunları olmuş müəllimlərin çox böyük əməyi vardır. Bu gün biz həmin uğurlara görə müəllimlərimizə, eləcə də həmin seminariyanın bizlərə bəxş etdiyi təhsilə borcluyuq. Bu gün bizim uğurumuz həmin seminariyanın uğuru deməkdir. A.Aşırlı bu gün həmin seminariyanı bitirən yüzlərlə elm, təhsil adamının respublikamızın bütün bölgələrində gələcək nəsillərə təhsil verdiyini, elm, bilik bəxş etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün ölkəmizdə qazanılan bütün uğur və nailiyyətlərin arxasında təhsil dayanır. Ona görə də hər kəs bilməlidir ki, gələcək nəsillərə, hər birimizə təhsil lazımdır.
“Ayna.az” saytının təsisçisi Elçin Şıxlı qeyd edib ki, Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub. Vaxtilə seminariyanın məzunları olmuş babasının və atasının xatirələrindən söz açan natiq seminariyanın onun ailəsinin həyatında da dərin izlər qoyduğunu bildirib. Həmin seminariyanın yetişdirdiyi müəllim və pedaqoji işçilərin bu gün də təhsilin keşiyində dayandığını, gələcək nəsillərə, təhsil sahəsinə öz töhfələrini verdiyini qeyd edib.
Çıxış edənlər həmçinin “Novruz mühazirələri”nin belə vacib məsələlərə həsr edilməsinin əhəmiyyətini qeyd edib, seminariyanın xalqımızın milli özünüdərkinin formalaşmasındakı rolunu vurğulayıblar.
Sonra Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən “Novruz mühazirəsi” çərçivəsində Qazax müəllimlər seminariyasının məzunlarına bayram hədiyyələri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı ilə əlaqədar tənha, ahıl və yaşlı insanları əhatə edən bayramlaşma kampaniyası çərçivəsində seminariyanın məzunları olan Ağakişi İsmayılova, Nəbi Nəbiyevə, Sürəyya Qurbanovaya, Nuşrəvan Xəlilova və Nümayəndə Hüseynovaya “DOST Xonçası” təqdim olunub.
Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev tədbirə yekun vuraraq bu gün Qazaxda tarixi bir günün yaşanmasına, bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə Təhsil nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və rayon Təhsil şöbəsinin rəhbərliyinə tədbir iştirakçıları adından minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları tərəfindən rayondakı Şəhidlər xiyabanı ziyarət edilib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi anılıb.
Mühazirə iştirakçıları daha sonra seminariyanın ilk binası ilə tanış olublar. Tarixi binanın qarşısında Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri və dərnək üzvləri tərəfindən hazırlanmış bayram tədbirində iştirak ediblər. Uşaqların söylədikləri qədim el bayramına həsr olunmuş bayatıları, şeirləri dinləyiblər. Dərnək üzvlərinin hazırladıqları bir-birindən rəngarəng çıxışlar alqışlarla qarşılanıb.
Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.
Tədbir iştirakçıları səfər zamanı şəhərin məkəzində yerləşən və ötən il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən 95 uşaq yerlik 3 saylı körpələr evi-uşaq bağçasında da olublar. Bağçada körpələr balalar üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.