Prezident Administrasiyasının məsul işçiləri Qazaxda vətəndaşlarla görüşüblər
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl (Biləsuvar), Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Orxan Mürsəlov, Vüqar Hüseynov, Murad Qasımov və Elşən Bayramov tərəfindən Prezident İlham Əliyevin tapşırığına əsasən Qazaxda keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.
Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.