Qazax rayonunda 2015-ci ilin birinci rübünün yekunları uğurlu olmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax rayon İcra Hakimiyyəti başçısı yanındakı Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Qazax rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ölkədə cari ilin 3 ayı ərzində ümümi daxili məhsul 5 faizdən çox, qeyri neft sektoru isə 7 faiz artmışdır, infilyasiya cəmi 2,8 faiz olmuş, əhalinin pul gəlirləri təxminən 5,3 faiz artmış, kənd təsərrüfatında 3 faizdən çox artım olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar cari ilin 3 ayı ərzində ölkəmizdə 30 min yeni iş yeri açılmışdır ki, onun 25 mini daimidir. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədə - 5 faiz səviyyəsindədir. Hazırda ölkəmizdə çox böyük sahibkarlıq sinfi yaradılmışdır. Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaqdır. ÜDM 80 faizdən çoxu özəl sektorda formalaşır. Ölkəmizdə bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə həyata keçirilir. Dövlət İnvestisiya Proqramı uğurla icra edilir. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi davam etdirilir. Ölkəmizdə aparılan islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, gənc bir dövlət üçün çox böyük nailiyyətdir. Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır. Azərbaycan dünya birliyinin etibarlı dəyərli üzvüdür. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır.
2015-ci ilin birinci rübü Qazax rayonu üçün də uğurlu olmuşdur. 2015-ci ilin yerli gəlir və xərclərinin proqnozu 21019000 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 6716000 manatını yerli daxilolmalar, 14303000 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 32,0 faiz, dotasiya isə 68,0 faiz olmuşdur. Yerli daxilolmalar 1410360 manat proqnoza qarşı 1656089 manat və ya 117,4 faiz yerinə yetirilərək büdcəyə 245729 manat çox vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 470868 manat çox vəsait daxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 3234839 manat icra olunmuşdur. Yerli xərclər 92,1 faiz və ya 368548 manat az icra olunmuşdur. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir. Cəmi yerli xərclər 4645199 manata qarşı 4890928 manat yerinə yetirilmişdir (105,3 faiz).
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir, əhaliyə 8077346 manat kredit verilmişdir ki, bunun da hamısı qısamüddətlidir. Əhalidən 105000 manat əmanət və 20 min ABŞ dolları cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 33 nəfərə 381000 manat (78 iş yeri), kənd yerlərinin kreditləşməsi yolu ilə 129 nəfərə 146400 manat kredit verilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün ödəniş müəssisələrinə 6971500 manat vəsait köçürülmüşdür. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 141200 manat çoxdur. Şöbədə 2015-ci ilin 3 ayında sosial sığorta haqları üzrə yığım proqnozu 87,6 faiz yerinə yetirilmişdir. Bu göstərici büdcə təşkilatları üzrə 1000000 manat proqnoza qarşı 926000 manat, yəni 93,0 faiz, qeyri büdcə təşkilatları və fiziki şəxslər üzrə isə 259000 manata qarşı 192000 manat toplanmaqla 74,0 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 154000 manat artıq olmuşdur.
Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1211640 manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Mərkəz tərəfindən 1564 ailəyə ünvanlı sosial yardım təyin edimiş, həmin ailələrə əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6171497 manat vəsait ödənilmişdir.
Əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür. Şəbəkə tərəfindən 10 kv hava xəttində 0,4 km, 0,4 kv hava xəttində 0,74 km uzunluğunda cari təmir işləri aparılmış, 12 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilmiş və 14 ədəd transformator cari təmir olunaraq sxemaya qoşulmuşdur. Əhali tərəfindən 122 yeni tikilmiş evlərə sayğaclar quraşdırılmış və xətlər çəkilərək gərginlik verilmişdir. Əhaliyə satılan enerjinin dəyəri 1210800 manat, toplanan vəsait isə 975800 manat olmuşdur. Cəmi yığım 84,6 faiz, o cümlədən yerli əhali üzrə 99,4 faiz yerinə yetirilmişdir.
Rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon Qaz İstismar Sahəsi tərəfindən 3 ayda əhali abonentlərə satılmış qazın dəyəri 1392687 manat olmuş, 1309976 manat (94,1 %) vəsait yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 12.760 manat çox vəsait toplanmışdır.
Qazax Telekommunikasiya Qovşağı cari ilin 3 ayında planı 101 faiz yerinə yetirmiş, qovşağın inzibati binasında Cənubi Koreya respublikası ilə birgə layihə çərçivəsində elektron tədris mərkəzi tikilmiş, kompyuter və avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir.
Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su və telefon pulları qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 122 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 758 ədəd bağlama qəbul edilmiş və 156 ədəd bağlama müxtəlif ünvanlara göndərilmiş, plan tapşırıqları 136 faiz yerinə yetirilmişdir.
“Qazax-Avtovağzal” ATSC-i 2015-ci ilin birinci rübündə plana 108 faiz əməl edərək 69000 sərnişinə xidmət göstərmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2015-ci ilin 3 ayında 5878 abonentə xidmət göstərilmiş və 67393 manat vəsait toplanmışdır. Bu isə satışın 101,0 faizini təşkil edir. Təşkilat tərəfindən 1 ədəd subartezian nasosu, 3 ədəd su mühərriki əsaslı təmir olunub və 1 ədəd su nasosu yenisi ilə əvəz olunmuşdur.
Kommunal mənzillərin dam örtüklərində əsaslı təmir işlərinə başlanılmışdır. İki binanın dam örtüyündə əsaslı və 12 yaşayış binasının dam örtüyündə cari təmir işləri aparmış, ötən 3 ayı ərzində vətəndaşlardan 102,3 faiz mənzil xidmət haqqı toplanmışdır.
2015-ci ilin 3 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 orta ümumtəhsil, 7 ibtidai məktəbdə 11329 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1768 nəfər müəllim məşğul olur. 2015-ci ilin yanvar ayında olimpiadanın ikinci rayon turunda 8 fənn üzrə 102 nəfər şagird iştirak etmişdir. Onlardan 2 nəfəri birinci yer tutumuş şagirdlər aprel ayında Bakı şəhərində keçiriləcək respublika turunda iştirak edəcəkdir. Bu şagirdlər məktəb-liseyin X sinif şagirdi Məmmədova Leyla (Azərbaycan dili və Ədəbiyyat fənni) və şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Mirzəyev İlhamdır (Fizika fənni). Canalı kənd tam orta məktəbin X sinif şagirdi 47-ci Beynəlxalq Kimya Olimpiadasında bütün mərhələlərdən keçərək Milli komandaya üzv seçilmiş və Bakı şəhərinə dəvət edilmişdir.
Təhsil Nazirinin 3101 2014-cü il tarixli 46-14529/16 nömrəli məktubuna müvafiq olaraq Qazax rayonunun 839 nəfər XI sinif şagirdlərinə Ulu Öndərin irsinin öyrənilməsi ilə əlaqədar fevral-mart aylarında Heydər Əliyev Mərkəzlərində dərslər keçirilmişdir. Dərsləri rayonunun qabaqcıl tarix müəllimləri tədris edirlər.
Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsinin icrası ilə bağlı Rayon İcra hakimiyyətinin dəstəyi ilə rayonumuzun 10 nəfər şagirdinin Naxçıvan Muxtar Respublikasına ekskursiyası təşkil edilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 15 mədəni-kütləvi tədbir keçirilmişdir.
Hesabat dövründə rayonun səhiyyə müəssisələrində ambulator gəlişlərin sayı 43850 nəfər olmuş, 1751 nəfər isə flüoqrafik və rentgen müayinəsindən keçirilmişdir. 3 ay ərzində 56 nəfər şəkərli diabet, 38 nəfər vərəm, 25 nəfər onkoloji xəstə aşkar edilərək dispanser qeydiyyata götürülmüşdür.
Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilir. Rayon İcra hakimiyyəti Başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat, təşviqat və məlumatlandırma işləri aparır. Bunun nəticəsidir ki, əhali aksiyada mütəşəkkil sürətdə iştirak edirlər. Müayinə nəticəsində 3269 nəfərə ambulator, 427 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 159 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir. Qazax Müalicə Diaqnostika Mərkəzinə 3 ay ərzində 3697 ambulator gəliş olmuş, Mərkəzdə 14788 ümumi müayinə olunmuş, 229 cərrahi əməliyyat aparılmış və hemodializ şöbəsində 80 xəstəyə 2012 hemodializ seanslar tətbiq olunmuşdur.
Rayon Gənclər və İdman idarəsi tərəfindən 2015-ci ilin 3 ayında gənclərlə iş sahəsi üzrə 5, bədən tərbiyəsı və idman sahəsi üzrə 9 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 1595 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 2, Respublika yarışlarında 19 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur. 2015-ci ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 4350000 manat , ümumi məhsul buraxılışının həcmi 26275000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 2910000 manat, kənd təsərrüfatı məhsullarının həcmi 7530000 manat olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 288 manat, orta aylıq əmək haqqı 265 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 8 yeni müəssisə yaradılmış, 168-i daimi olmaqla 306 yeni iş yeri açılmışdır. 2015-ci ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 12 dövlət və 4 qeyri-dövlət müəssisələrindən 192 boş iş yeri təqdim edilmiş müraciət etmiş 164 nəfər vətəndaşlardan 82 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 38 nəfər münasib işlə təmin olunmuşdur.
Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri 2015-ci ilin birinci rübündə də uğurla davam etdirilmişdir. Belə ki, illik gücü 1 milyon ton, ərazisi 56 hektar olan Qazax Sement zavodunun II hissəsinin tikinti işləri sürətlə aparılır. Qazax Konserv zavoduna 2014-cü ildə tikintisi başlanılmış yeni kartof anbarında işlər tamamlanmışdır. Hər biri 480m2 olmaqla 4 anbar və 504 m2 lıq beşinci anbar sahələri uyğun olaraq avtomatik idarə olunan soyutma, havalandırma və isitmə sistemləri ilə təchiz edilmişdir. Son texnologiyalar əsasında tikilib istifadəyə verilmiş bu anbar 5500 ton təzə kartofun müasir üsullarla saxlanmasına imkan verəcəkdir.
Bundan əlavə Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Rayonun kənd yaşayış məntəqələrində kəndaxili yolara qum-çınqıl döşənmişdir.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi məqsədilə sənədləşdirmə işləri aparılır. Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 16, Nazirlər Kabinetinin Sərəncamına əsasən 2 ədəd, cəmi 18 ədəd subartezian quyuları yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcəkdir. Bundan əlavə, Respublika Prezidentinin Sərəncamına uyğun olaraq 2015-ci ildə qazılacaq 9 ədəd subartezian quyularının əraziləri müəyyənləşdirilmiş, hazırda layihələndirmə işləri aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı Sərəncamına uyğun olaraq köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır.Ölkə prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq rayonun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda tikinti işlərinə başlanılmışdır. Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə yaşayış evlərinin tikintisi məqsədilə sənədləşmə işləri aparılır.
Rayon ərazisində 16000 ədəd müxtəlif növ ağac, 5000 ədəd gül kolları gətirilmiş, əkilmişdir.
2015-ci ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və sonrakı Qərarlarının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına 3833 hektar buğda əkini üçün 153324 manat yardım hesablanaraq istehsalçılara verilmişdir.
Kənd təsərrüfatı bitkilərinin normal suvarma suyu ilə təmin etmək məqsədi ilə Qazax Suvarma Sistemləri İdarəsi Və Melioserviz İdarəsi tərəfindən birinci rübdə plana uyğun olaraq arxlarda 175 m3 min lildən təmizləmə işləri aparılmışdır. Hidrotexniki qurğuların və suölçən hidropostların təmiri başa çatdırılmışdır.
Bu ilin məhsulu üçün indiyə kimi erkən yazlıqlardan 405 hektar, sahədə əkin işləri aparılmışdır. Hazırda işləri davam etdirilir. Rayonda ağac əkini davam etdirilmiş, əkilmiş 129500 ədəd ağacdan 15000 ədədi Bakı-Qırmızı körpü magistral avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində əkilmişdir.
İstehsalçılara texnika cəhətdən kömək göstərilməsi məqsədilə Aqroservisdə və şəxsi vətəndaşlarda olan 45 ədəd şum traktoru, 346 ədəd təkərli traktorlar, 10 ədəd toxum təmizləyən, 25 ədəd taxıl və qarğıdalı səpən, 17 ədəd mala, 12 ədəd gübrəsəpən və 50 ədəd digər kənd təsərrüfatı texnikalarından istifadə olunur.
Hesabat dövrü heyvandarlıq sahəsində də uğurlu olmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 181 baş bala alınmışdır. Zoobaytar tədbirlərin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmışdır. Ötən ilin eyni dövrünə nisbətən 105 ton artıq süd, 228 ton artıq ət istehsal olunmuş və 61 min ədəd çox yumurta alınmışdır.
Tədbirlər planına uyğun olaraq 30049 baş iri buynuzlu və 1491 baş təkdırnaqlılar qarayara, 97 baş iri buynuzlu heyvanlar dabax, 4817 baş ev itləri quduzluq xəstəliyinə, həmçinin 180620 baş körpə ev quşları taun xəstəliyinə qarşı peyvənd olunmuşdur.
İclasda rayon Maliyyə İdarəsinin müdiri Novruz Abdullayev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, Suvarma Sistemlər İdarəsinin rəisi Abbas Göyüşov və başqaları çıxış etmişlər. Əldə olunmuş naliyyətlərlə yanaşı, həm də öz həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların həlli yolları, rayonda aparılacaq tikinti - quruculuq və abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuş, idarə müəssisə və təşkilat rəhbərlərinə lazimi tapşırıqlar verilmişdir.