Məktəblilər Qazaxla tanışlıqdan xoş təəssuratlarla ayrılıblar
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ekskursiyaya çıxan Kürdəmir, Saatlı, Sabirabad, Zaqatala, Balakən və Qax məktəbliləri martın 17-də Qazax rayonu ilə tanış olublar.
Tur–aksiya iştirakçılarını şəhər mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin Gulaya Həsənova, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Tur-aksiya iştirakçılarını salamlayıb, məktəblilərə xoş səfər təəssüratları arzulayıblar.
Sonra Qazax Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, rayon Təhsil şöbəsinin müdir müavini Rasim Carçıyev, metodkabinetin müdiri Məhəmməd Cəfərov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Vüqar Eyyubov, Bakı Dövlət Universiteti Qazax filialının tarix müəllimi Mübariz Süleymanov, şəhər 1 saylı tam orta məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirovun bələdçiliyi ilə Qazax rayonu ilə tanışlıq olub.
Bildirilib ki, Qazax Azərbaycanın qərbində şəhər və inzibati rayondur, Azərbaycanın “Qərb qapısı”dır. Şimal–şərqdən Gürcüstanla, şərqdən və şimaldan Ağstafa rayonu ilə, cənub və cənub–qərbdən Ermənistanla sərhəddir. Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Vaxtilə vilayət, sultanlıq, sonra isə qəza mərkəzi olmuşdur. Hazırda rayon mərkəzidir. Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlığın hakimləri sultan titulu daşıyır və irsi hakimiyyətə malik idilər. Hətta I Şah Abbasın fərmanı ilə 1605-ci ildə Şəmsəddin sultana xan rütbəsi verilmişdir. XVIII əsrin əvvəllərində Osmanlılar Qazağı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparılmışdır. Qazax sancaqlıq elan edilərək 4 nahiyəyə bölünmüşdür. Bunlar Ağtala, İncə, Türk və Cuvar nahiyələri idi. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır. 1752-ci ildə Qazax sultanlığı Şəki xanlığına birləşdirilmişdir. 1819-cu ildə Qazax sultanlığı ləğv edilərək Qazax distansiyası yaradılmışdır. 1867-ci ilin dekabr ayında Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası yaradılmış, ərazisi 5908,24 kv.km, əhalisi 1911-ci ilin məlumatına görə 130 min nəfər olmuşdur. 1929-cu ildə Qazax qəzası ləğv edilmişdir. 1930-cu ilin avqust ayında Qazax rayonu yaradılmışdır.
Mərhum akademiklər Z.M.Bünyadovun və V.F.Minorskinin rəylərinə əsasən Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərzban İbn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yaşayış məntəqəsinin 1270 il əvvəl də şəhər kimi mövcudluğu barədə IX-X əsr qaynaqlarında məlumatlar vardır.
Rayon əhalisinin ümumi sayı 97628 nəfərdir (01.01.2019-cu il tarixə). Əhalinin 21902 nəfəri şəhərdə, 75726 nəfəri isə kəndlərdə yaşayırlar. Rayon üzrə əhalinin sıxlığı (nəfər/1 kv.km) 141 nəfər düşür. Yaşı 100-dən çox olan Qazax sakinlərinin sayı 8 nəfərdir. Əhalinin 97179 nəfəri azərbaycanlılar, 192 nəfəri türklər, 105 nəfəri kürdlər, 48 nəfəri ruslar, 4 nəfər ermənilər, 34 nəfəri isə digər millətlərin nümayəndələri təşkil edir.
Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar. Əvvəlcə məktəblilər burada ümummilli liderin həyatının, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıb, mərkəzin fəaliyyəti ilə tanış olublar.
Gənclər Mərkəzində olan uşaqlara məlumat verilib ki, Mərkəzin tikintisinə 2012-ci ilin yanvarında başlanılmış, apreldə sona çatdırılmışdır. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Burada, həmçinin ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Bütün lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi və 3D formatlı filmlərin nümayişi nəzərdə tutulmuşdur. Mərkəzdə yaradılan rəsm qalereyasında gənc rəssamların sərgiləri təşkil olunacaqdır. Bildirilib ki, Mərkəzin binasının ikinci mərtəbəsində fəaliyyət göstərən elektron kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar yer almışdır. Kompyuter otağında sürətli internetə qoşulmuş 9 kompyuter vardır. Burada kompyuter bilikləri, o cümlədən xalçaçılıq və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Mərkəzdəki kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Buradakı linqafon otağında isə gənclər üçün xarici dil kurslarının təşkili nəzərdə tutulmuşdur. Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.
Göyəzən dağına gəzinti də tur iştirakçıları üçün yaddaqalan olub. Belə ki, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağına baxış şagirdlərdə xoş təəssürat yaradıb. Məktəblilərə Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin şəklində qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da var.
Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq da məktəblilərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezeolit dövrü və Neolit dövrünə aiddir. Damcılı mağarası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17 x 27 m-dir.
Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun Poeziya evinə baxış zamanı aksiya iştirakçıları dahi şairin əziz xatirəsini böyük ehtiramla yad ediblər. İştirakçılara məlumat verilib ki, ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur "Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib.
Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Azərbaycan Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı.
Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunmuşdur. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə etmişdir. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib.
Məktəblilərə məlumat verilib ki, ötən il də rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.
Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib.
Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var.
Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.
Şəhərin mərkəzidə yerləşən Mütəfəkkirlər parkı və Cümə məscidi ilə tanışlıq da aksiya iştirakçılarının marağına səbəb olub.
Sonra tur-aksiya iştirakçıları Respublika Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 100 illiyini qeyd edəcəyimiz Qazax müəllimlər seminariyasına baş çəkiblər. Dahi şair Səməd Vurğunun vaxtilə təhsil aldığı sinifdə seminariyanı bitirmiş məzunları, eləcə də o vaxt dərs deyən müəllimləri özündə əks etdirən fotoguşə ilə tanış olublar. Milli təhsilimizin əsasını qoyan seminariyanın tarixinə nəzər salıb, Azərbaycan təhsilinə bəxş etdiyi saysız-hesabsız dəyərli insanları yad ediblər. Şagirdlərə Qazax müəllimlər seminariyasının tarixi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında olan zaman aksiya iştirakçılarına məlumat verilib ki, bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qazaxda tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən bir məkan da var ki, o da şəhərin Heydər Əliyev prospektində yerləşən Ədəbiyyat Muzeyidir. Tur-aksiya iştirakçıları bu gün bu məkanda da olub, muzey, eləcə də şairlərimizin həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar əldə ediblər.
Bildirilib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Bu muzey Respublika Prezidentinin 2012-ci il 1 iyun tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 5 milyon manat vəsait hesabına tikilmişdir.
Səməd Vurğun adına park, Dədə Qorqud abidə kompleksi, Dilboz at heykəli, ilk azərbaycanlı hərbi təyyarəçi, Birinci dünya müharibəsi iştirakçısı, poruçik Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış “Təyyarə” abidə kompleksi də tur-aksiya iştirakçıları tərəfindən maraqla qarşılanıb. İştirakçılara ətraflı məlumatlar verilib.
Şagirdlərin Qazax rayonu ilə tanışlığı zəngin təəssüratlarla başa çatıb.