Qazaxda Novruz bayramı təntənəli şəkildə qeyd edilib
Qədim və milli bayramımız olan Novruz bayramı respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da böyük təntənə ilə qeyd olunub. Bu münasibətilə rayonumuzda ümumrayon şənliyi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal çatılıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan Novruz bayramında minlərlə rayon sakini iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti Novruz şənliyində iştirak etmək üçün Olimpiya İdman Kompleksinə gəliblər.
Bayramın atributları sayılan Kosa və Keçəlin, Bahar qızın qonaqları salamlaması ilə tədbir start götürüb. Zurnaçıların, aşıqların baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər.
Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin və tamaşaçıların sevincinə səbəb olub.
Sonra Novruz bayramına həsr olunmuş tədbir Olimpiya İdman Kompleksinin içərisində konsert proqramı ilə davam etdirilib.