İcra başçısı körpə fidanların Novruz bayramını təbrik edib
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Novruz bayramı təntənə ilə qeyd olunur. Rayonun bütün idarə və müəssisələrində, təhsil ocaqlarında Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Novruz bayramı münasibətilə şəhər 1 saylı körpələr evi-uşaq bağçasında olub, körpə fidanların bayramını təbrik edib.
Bayram münasibətilə səmimi təbriklərini çatdıran rayon rəhbəri qeyd edib ki, "Uşaqlar bizim gələcəyimizdir”, - deyən ulu öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı bu gün Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib körpə fidanların istifadəsinə verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanının ən xoşbəxt uşaqlarıdır.
Bağça müdiri İradə Mustafayeva Qazaxda böyüməkdə olan gənc nəslə göstərilən diqqətə, qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə valideynlər, müəllimlər, tərbiyəçilər adından öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradılıb. Mübaliğəsiz olaraq deyə bilərik ki, paytaxtdakı bağçalarla Qazaxdakı bağçalar arasında heç bir fərq yoxdur. Son 3 ildə bağçalarda yaradılan şəffaflıq bu uşaq müəssisələrinin gündəlik fəaliyyətinə müsbət təsirini göstərmiş və bağçalar sözün əsl mənasında uşaqların təlim-tərbiyə müəssisəsinə çevrilib. Rayon rəhbərinin bu gün körpə balaları təbrikə gəlməsini yüksək qiymətləndirən bağça müdiri bu iştirakın uşaqlara olan sonsuz qayğının əyani təzahürü olduğunu bildirib.