Rayonumuzda Novruz Bayrami böyük təntənə ilə qeyd edilmişdir
Bu da çoxdan gözlənilən gün. Bu da aylardan bəri yolunu gözlədiyimiz fəsil. Bahar fəsli. Bu gün adi günlərdən deyil. Nə də bu fəsil başqa fəsillərə oxşamır. Artıq bahar fəslidir, yurdumuza allı, güllü, min bir avazlı, sözlü-söhbətli yaz gəlib. Baharın gəlişi adi gün deyil ona görə ki, onun gəlişi el-obada həmişə toy bayram olur, insanlar onu böyük sevinc hissi və coşqu ilə qarşılayırlar. Bu ilki Novruz bayramı isə əvvəlkilərdən fərqlənirdi. Rayon mərkəzində keçirilən Novruz bayramına bütün rayon sakinləri toplaşmışdı. Hamı bir-birini təbrik edir, hal-əhval tutur, “bayramınız mübarək olsun” deyirdi.
Bu səhər başqa səhərlərə bənzəmirdi. Günəş lap tezdən öz zərrin şəfəqlərini paylayırdı qoynuna can atdığı ana torpağa. Quşlar da bir-biri ilə bəhsə girmiş kimi səs-səsə vermişdilər. Bu səhər qazaxlıları musiqi sədaları yuxudan oyadırdı. Qara zurnanın şaqraq səsi hər tərəfi bürümüşdü. Musiqi sədalarına oyanan insanların üzlərində təbəssüm, ürəklərində sevgi, gözlərində sevinc hissləri var idi. Səhər tezdən həyat qaynamağa, coşmağa başlamışdı. Bahar öz ilıq nəfəsini hər tərəfə yayırdı.
Rayon mədəniyyət sarayının qarşısında isə əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Burada Novruzun keçirilməsi üçün geniş hazırlıq işləri görülmüşdü. Kəndlərdən, şəhərin müxtəlif yerlərindən insanlar axın-axın buraya toplaşırdılar. Hamı öz sevimli, istəkli bayramını qeyd etmək üçün mədəniyyət sarayının qarşısına tələsirdi.
Sarayın qarşısından başlamış Mütəfəkkirlər bağının sonuna qədər hər tərəf, hər yan bayram libasına bürünmüşdü. Ayrı-ayrı kəndlərdən gəlmiş insanlar qeyd olunan istiqamət boyunca alaçıqlar qurmuş, süfrələr açmış, bayram sovqatları hazırlamağa, qədim el sənətlərini nümayiş etdirməyə başlamışdılar. Burada əsl bayram sevinci yaşanır, bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bir tərəfdə qadınlar nəhrə çalxalayır, ayran hazırlayırdılar. Başqa bir tərəfdə isə fəsəli, fətir bişirilirdi. Tüstülənən samovardan pürrəngi çay süzülür, çay ilə birlikdə tədbir iştirakçalarına, qonaqlara bayram şirniyyatları olan şəkərbura, paxlava və başqa təamlar təklif olunurdu. Yerdən salınmış palazın üstündə toxucu qadınlar yun darağı ilə yunu darayır, ip düzəldərək corab toxuyur, qədim el sənətini nümayiş etdirirdilər.
Bir sözlə, mədəniyyət sarayının qarşısından başlamış Mütəfəkkirlər bağının sonuna qədər yan-yana açılmış süfrələrdə nə yox idi? Xalqımızın ən ləziz təamları, Novruz şirniyyatları, qədim el sənəti nümunələri, Novruz atributları və sairə. Burada hər şey keçmişi xatırladır, milli adət-ənənələr nümayiş etdirilirdi. Məhz alaçıqların qurulması da qədim el-obanı xatırladırdı. İnsanları sanki keçmişə aparırdı.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərovun Novruz bayramı şənliyinə gəlməsi isə bayrama daha böyük sevinc, daha böyük coşqu gətirdi. Tədbir iştirakçıları rayon rəhbərliyini alqışlarla, sevinc sədaları ilə qarşıladılar. Musiqi sədaları ətrafı bürüdü, sevinc-sevincə qarışdı.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov bayram şənliyində çıxış edərək bütün rayon sakinlərini bu əziz gün-Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək hər bir ailəyə səadət, xoşbəxtlik, ruzi-bərəkət arzuladı. Qeyd etdi ki, Novruz bayramı müstəqilliyimizin bizə bəxş etdiyi ən gözəl bayramlardan biridir. Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən daha sürətlə inkişaf edən respublikamızda Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Xalqımız bahara yeni-yeni arzularla, niyyətlərlə qədəm qoyur. Çünki bizi qarşıda daha gözəl günlər, xoş güzəran və firavan həyat gözləyir. İnanıram ki, ümumxalq əhəmiyyətli arzularımız çin olacaq, niyyətlərimiz həyata keçəcəkdir.
Bir az keçmişdi ki, aparıcılar Kosa, Keçəl və Bahar qızını şənliyə dəvət etdilər. Ağ libasa bürünmüş Bahar qızın gəlişi tədbirə böyük coşqu qatdı. Sanki şənliyə bahar təravəti bəxş etdi. Bahar qızından sonra Keçəl şənliyə gəldi. Onlar birlikdə Kosanı səslədilər. Böyük hay-küylə məclisə qatılan Kosanın duzlu, məzəli çıxışları şənlik iştirakçılarının üzündə xoş təbəssüm yaratdı.
Sonra rayon rəhbərliyi qurulmuş alaçıqlara yaxınlaşaraq Novruz bayramı münasibəti ilə açılmış süfrələrə baxdı, tədbir iştirakçılarının bayramlarını təbrik etməyə başladı. Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərovu bayram iştirakçıları çay süfrəsinə dəvət etdilər, rayon rəhbərliyinə Novruz şirniyyatları təklif olundu. Nəhrədən süzülmüş ayran öz təbiiliyi ilə diqqəti cəlb elədi.
Zurnaçılar dəstəsi isə qədim el havalarını ifa edirdilər. Aşıqlar baharı vəsf edən mahnılar oxuyurdular. Keçəl ilə Kosa isə öz zarafatlarından qalmır, tədbir iştirakçılarını duzlu söz-söhbətləri ilə əyləndirir, məzəli hərəkətləri ilə güldürürdülər. Bütün süfrələrdə Novruzun ən gözəl bəzəyi olan səməni yan-yana düzülmüşdü. Məktəbli uşaqlar saz çalır, bahara olan arzu və istəklərini mahnılarla bildirirdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov mədəniyyət sarayından başlamış Mütəfəkkirlər bağının sonuna qədər yan-yana açılmış bütün süfrələrə baş çəkdikdən sonra yenidən bayram tədbirinin keçirildiyi mədəniyyət sarayının qarşısına gəldi. Burada Novruz tonqalına od vuraraq alovlandırdı. Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərovun Kosa və Keçəllə yumurta döyüşdürməsi isə şənliyə daha bir rəngarənglik gətirdi.
Sonra bayram konserti başladı. Bir-birindən şən və oynaq mahnılar bir-birini əvəz etdi. Gənc ifaçılar öz məharətlərini nümayiş etdirdilər. Bahar qızı ilə Keçəl bayrama toplaşanlara rayonumuzda görülən tikinti-quruculuq işlərindən söz açdılar, öz Novruz arzularını tədbir iştirakçıları ilə bölüşdülər. Yeri gəldikcə öz zarafatlarından da geri qalmadılar.
Sonra meydan idmançıların ixtiyarına verildi. Onlar müxtəlif idman növlərində çıxış edərək nəyə qadir olduqlarını göstərdilər. Pəhləvan İsrafilin nümayiş etdirdiyi nömrələr isə alqışlarla qarşılandı.
Bayram şənliyi beləcə çal-çağırla, yüksək əhval-ruhiyyə və böyük təntənə ilə davam etdi. Böyük ruh yüksəkliyi ilə keçən Novruz bayramı uzun müddət yaddaşlardan silinməyəcəkdir. Hamı deyib-gülür, şənlənirdi. Çünki yurdumuza bahar gəlirdi. Sevimli şairimiz Səməd Vurğun demişkən:
Bahar nə xoş gəlir, ruha dad verir,
Arzuya, əmələ qol-qanad verir.
Var olsun şeirimiz, şairlərimiz,
Hər gülə, çiçəyə təzə ad verir.