Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: hamıdan qabaq onları təbrik etdilər

20 mart 2019 | 16:00

Düşmənlə 168 kilometr sərhədi olan Qazax 285 şəhid verib. Onların 7 nəfəri Azərbaycanın milli qəhrəmanıdır. Hər yerdə olduğu kimi, Qazaxda da şəhid ailələri dövlət qayğısı ilə hərtərəfli əhatə olunub, nəzərdə tutulmuş imtiyazlardan istifadə edirlər. Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tez-tez şəhid ailələri ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır. Artıq neçə ildir ki, müxtəlif bayramlarda, tarixi günlərdə şəhid ailələrinin üzvləri bir yerə toplaşır, onlar üçün süfrələr açılır, ürək sözləri dinlənilir…

Ənənə bu il də davam  etdirilmişdir. Rayonun Birinci Şıxlı kəndindəki "Lalə” şadlıq evində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün təşkil olunmuş bayram tədbirində şəhidlərin yaxınları və doğmaları iştirak etmişlər. Rayon İcraHakimiyyətinin başçısı bayram tədbirini giriş sözü ilə açaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını bildirmiş, bol ruzi və bərəkət arzulamışdır.
Rayon rəhbəri ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açmışdır. Bu istiqamətdə imzalanan sərəncam və fərmanlardan danışmışdır. Rayon rəhbəri 11 min manat məbləğində birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil edilməsini onlara hörmət və ehtiramın əyani sübutu olduğunu bildirmişdir.
Rəcəb Babaşov demişdir:
– Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, bu, şəhidlərimizin şücaəti sayəsindədir. Buna görə biz onlara borcluyuq. Onlar bizim aramızda olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayırlar. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz və əsas vəzifəmizdir.
Sonra Rəcəb Babaşov bir-bir bayram stoluna yaxınlaşmış, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri ilə görüşmüş, bayramlarını təbrik etmişdir.
Tədbirdə şəhid atası Sarı Hüseynov və şəhid anası Tamella Süleymanova çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə şəhid ailələri adından dərin minnətdarlıqlarını bildirmişlər.
Şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qazax Gənclər Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri işlərdən söz açmış, şəhid ailələrinin dövlətin qayğısını daim öz üzərlərində hiss etdiklərini bildirmişlər.
Bayram şənliyi musiqi proqramı ilə davam etmişdir.

Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri

20 mart 2019-cu il 

Keçidlər