Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazax müəllimlər seminariyasına baxış keçirib

22 mart 2019 | 16:00

Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax müəllimlər seminariyasının və yetişdirdiyi kadrların əvəzsiz rolu olub. Bu seminariya fəaliyyət göstərdiyi dövrdə Azərbaycana Ü.Hacıbəyov, M.Maqomayev, Firidun bəy Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, Teymur bəy Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və başqa onlarla görkəmli şəxsiyyətlər bəxş edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir.
Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında ölkə prezidenti İlham Əliyev tərəfindən 3 noyabr 2018-ci il tarixli Sərəncamın imzalanması isə bir daha onu göstərdi ki, dövlət və dövlət başçısı İlham Əliyev təhsil sahəsinə necə böyük önəm verir. Qazax müəllimlər seminariyasının 100 illiyinin qeyd olunması eyni zamanda, qazaxlı ziyalılara verilən ən böyük dəyərdir.
Prezident İlham Əliyevin elm, təhsil tariximizdə silinməz izlər qoymuş Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı həmin Sərəncama əsasən Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra işlər görülmüşdür. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam verilmiş və tədbirlər planı hazırlanmışdır. Görülməsi nəzərdə tutulan işlərdən biri də binada cari təmir işlərinin aparılmasıdır.
Bu gün icra başçısı təmirlə əlaqədar Qazax müəllimlər seminariyasına baxış keçirib. Mövcud vəziyyətlə tanış olan rayon rəhbəri binanın dam örtüyündə və xarici fasadında cari təmir işlərinin aparılması barədə bəzi tapşırıq və tövsiyələrini verib.
Sonra rayon rəhbəri Qazax Cümə məscidində olub, məscidin dam örtüyündə də cari təmir işlərinin aparılması ilə əlaqədar tapşırıq verib.

 

Keçidlər