Qazaxda daha bir çoxmənzilli bina təmir olunacaq
Son illər Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin siyahısında rayonda olan çoxmənzilli binaların təmirinə də rast gəlmək olur. Dövlət başçısının müvafiq Sərəncamlarına əsasən bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Məlumat verdiyimiz kimi, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə suvaq işləri yekunlaşıb. Yaxın günlərdə boyaq işlərinə başlanılacaq.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün təmir olunması nəzərdə tutulan daha bir çoxmənzilli binada olub. Şəhərin Heydər Əliyev prospektində yerləşən 127 saylı binada yaşayan sakinlərlə görüşüb, digər binalarda olduğu kimi, bu binanın da əsaslı şəkildə təmir olunacağını bildirib.
Binanın mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri təmirlə bağlı lazımi tapşırıq və tövsiyələrini verib.
Bina sakinləri Qazaxda görülən genişmiqyaslı işləri, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri, xüsusilə də yaşadıqları çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiklərini vurğulayıblar və buna görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sakinlər binalarının təmir olunması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər.