Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşüblər

23 mart 2019 | 16:00

Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq bir ənənə halını alıb.
Bu cür layihənin təşkil olunmasında əsas məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bundan əlavə, respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərini təşkil etməklə məktəblilərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da formalaşdırmaqdır.
Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib.
Martın 15-18 və 23-26 tarixlərini əhatə edəcək növbəti 11-ci tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR-sı, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olacaq.
IX-XI sinif şagirdlərinin iştirakı ilə reallaşdırılan bu tur-aksiyalara qazaxlı məktəblilər də qatılıblar.
Bu gün səhər saatlarında “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən 40 nəfər məktəbli və təhkim olunmuş şəxslər ulu öndərin adını daşıyan Heydər Əliyev parkına toplaşıblar. Əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş şagirdlərin üzlərində sevinc, təbəssüm var idi. Üzərinə "Qazax" sözləri yazılmış gödəkcələr geyinmiş şagirdlər deyib-gülür, tur-aksiya barədə danışırdılar.
Tur-aksiyada iştirak edən məktəblilərin yolasalma mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin əməkdaşları, məktəb direktorları, müəllimlər, valideynlər də iştirak ediblər.
Əvvəlcə rayon rəhbərliyi, məktəblilər və müəllimlər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad ediblər. Sonra ulu öndərin adını daşıyan Mərkəzdə olub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər salıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yolasalma mərasimində çıxış edərək məktəblilərə xoş istirahət və rayonumuza qələbə sevinci ilə qayıtmağı arzulayıb.
Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova, nəvəsini yola salan Daş Salahlı kənd sakini Məmməd Omarov və digər valideynlər, eləcə də məktəblilər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Xatirə şəkilləri çəkdirdikdən sonra tur-aksiya iştirakçıları avtobusa əyləşərək səhər saat 08:00-da Heydər Əliyev parkından yola düşüblər.
Məlumat üçün bildirək ki, rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər şagird martın 23-dən 26-na kimi Qəbələ-Şəki-Zaqatala rayonlarının gəzməli, görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə əyani tanış olacaq, rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumat alacaqlar. Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər.

 

Keçidlər