Qazaxda binaların təmiri davam edir
Xəbər verdiyimiz kimi, Qazaxda bu gün həlli vacib olan məsələlərdən və görülən işlərdən biri də rayonda mövcud olan çoxmənzilli binaların təmiridir. Son 3 ildə ölkə prezidentinin müvafiq Sərəncamlarına əsasən rayondakı 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu sahənin diqqət mərkəzində olmasından xəbər verir.
Şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işlərinin aparılması, Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evinin tikilməsi, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə suvaq işlərinin yekunlaşması bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Çoxmənzilli binaların təmiri ilə bağlı görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu gün rayonda təmir olunan binaların sayı gündən-günə artır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün təmir olunması nəzərdə tutulan şəhərin Heydər Əliyev prospektində yerləşən 127 saylı binadan sonra daha bir neçə binada olub, sakinlərlə görüşüb.
Şəhərin Heydər Əliyev prospekti 171 saylı, Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda mövcud vəziyyətlə tanış olan rayon rəhbəri digər binalar kimi, bu binaların da yaxın günlərdə təmir olunacağını bildirib.
Yaşadıqları binaların təmir olunması xəbərini böyük sevinc hissi ilə qarşılayan sakinlər buna görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində Qazaxda görülən genişmiqyaslı işləri, həyata keçirilən tədbirləri, xüsusilə də çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiklərini vurğulayıblar.