Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar

24 mart 2019 | 16:00

Xəbər verdiyimiz kimi, Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada iştirak edən qazaxlı məktəblilər martın 23-də Heydər Əliyev parkından yola düşüblər. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edərək yolboyu daha 8 rayonun – Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay və Tovuzun məktəbliləri ilə birlikdə bu gün turun ikinci günü qədim Şəkidə olublar.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, aparatın məsul işçiləri, Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov tərəfindən mehribanlıqla qarşılanıblar.
Məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib.
Şəkinin tarixi məkanları ilə tanış olan məktəblilər əvvəlcə şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Qoruğu əhatələyən əzəmətli qala divarları ilə tanışlıq məktəblilərdə xoş təəssüratlar yaradıb. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Səfər proqramına uyğun olaraq tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonuna səfər edəcəklər.

Keçidlər