Qazaxda Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar tədbir keçirilmişdir
Rayon İcra Hakimiyyətinin və “Avey” Dövlət – Tarix Mədəniyyət Qoruğunun təşkilatçığı ilə mədəni irsin qorunması işinin təbliğ olunması və abidələrimizin, tarixi yerlərimizin qorunması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri də rayonun Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə təhsil və mədəniyyət işçiləri ilə yanaşı məktəb şagirdləri də iştirak etmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Səfura Rəhimova açmışdır. “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva çıxış etmiş və Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə bağlı şagirdlərə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, azyaşılı şagirdlərin abidələrimizin və tarixi yerlərimizin qorunması, onlarda həmin abidələrə maraq yaranması məqsədilə bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Sonra ərazidə yerləşən ulu əcdadlarımızdan bizə miras qalmış tarixi abidələrimiz haqqında, istər atəşpərəst, istər xristian, istər islam və digər dini inanclara sitayiş etmiş insanların yaratdığı maddi-mədəniyyət nümunələrini özündə saxlayan tarixi abidələrin şəkillərini göstərməklə qoruq haqqında ətraflı məlumat vermişdir. Eyni zamanda şagirdlərə məlumat verilmişdir ki, çoxsaylı maddi-mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu arasıkəsilməz hərbi yürüşlər, müharibələr nəticəsində məhv edilsə də, özününküləşdirilməyə çalışılsa da, daşlara yazılmış yaddaşı pozmaq və dəyişmək yadellilərə heç də həmişə nəsib olmamışdır.
Daha sonra qoruq ərazisində yerləşən vulkan mənşəli Göyəzən dağı, qayalardan damla-damla süzülüb gələn dünya əhəmiyyətli Damcılı bulağı, Qafqazda ilk insanların yaşayış yerlərindən biri olan Daş Salahlı mağarası digər tarixi, memarlıq, inanc yerləri haqqında video çarx nümayiş etdirilmiş, şagirdlərlə bu abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində söhbətlər aparılmışdır.
Tədbirin sonunda məktəb şagirdləri bu yerləri, bu abidələri öz gözləri görmək və ziyarət etmək arzularında olduqlarını bildirmişlər. Qoruq rəhbərliyi yaxın vaxtlarda onları qoruğa ekskursiyaya aparacağını demişdir.