Qazaxbəyli kənd uşaq bağçası da təmir olunacaq
Bu gün hər kəsə yaxşı məlumdur ki, tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığı Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Son 3 ildə bu sahənin daim diqqət mərkəzində saxlanılması bunu söyləməyə əsas verir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu sahəyə xüsusi qayğı ilə yanaşması, rayonda olan bağçaların tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu dediklərimizin əyani sübutudur. Bu gün rayonda olan 25 uşaq bağçasından 17-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli bağçalara şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal göstərmək olar. Tam əminliklə deyə bilərik ki, yola saldığımız 2018-ci il bağça tikintisi baxımından yaddaqalan bir il oldu. Təkcə ötən il ikisi şəhərin mərkəzində, biri isə kənddə olmaqla 3 bağça əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verildi. Şəhər 2, 3 saylı və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları həmin açılışı olan bağçalardır.
Ötən il olduğu kimi, bu il də bağça tikintisi və ya əsaslı təmir olunması diqqət mərkəzində saxlanılır. Bu ilin ilk açılışının məhz şəhər 6 saylı körpələr evi-uşaq bağçası olması da təsadüfi deyil. Bu, bağçalarla bağlı görülən işlərin daha geniş vüsət alması deməkdir.
Rayonda təmirə ehtiyacı olan daha bir neçə kənd bağçası var ki, onlardan biri də Qazaxbəyli kənd uşaq bağçasıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin uşaq bağçasında olub, mövcud vəziyyətlə maraqlanıb.
Bağçanın kollektivi ilə görüşən rayon rəhbəri dövlətin, dövlət başçısının uşaqlara olan qayğısından söz açıb. Qeyd edib ki, ölkə rəhbərinin uşaqlara olan diqqət və qayğısının nəticəsidir ki, bu gün bölgələrimizdə, o cümlədən də Qazaxda təmir olunan uşaq bağçalarının sayı ildən-ilə artır. İcra başçısı digər bağçalar kimi bu bağçanın da yaxın vaxtda təmir olunaraq ən yüksək səviyyəyə çatdırılacağını qeyd edib.
Bağça müdiri Gözəl Allahverdiyeva çıxış edərək son illər rayonda, eləcə də Qazaxbəyli kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Bütün sahələrlə yanaşı, rayonda körpələrə olan qayğını və bağçanın təmir olunması xəbərini kollektiv olaraq minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıb. Digər kənd bağçaları kimi, bu bağçanın təmir olunmasını dövlət tərəfindən uşaqlara olan qayğının əyani təzahürü kimi qiymətləndirib. Təmir işlərinin aparılmasına görə ölkə başçısına və rayon rəhbərliyinə işçilər, valideynlər, eləcə də bütün kənd sakinləri adından minnətdarlığını çatdırıb.