Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ ilə tanışlıq qazaxlı məktəblilərdə xoş təəssürat yaradıb

25 mart 2019 | 16:00

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsindəQəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyada iştirak edən qazaxlı məktəblilər Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay və Tovuzun məktəbliləri ilə birlikdə səfər proqramına uyğun olaraq turun üçüncü günü Qəbələ rayonu ilə tanış olublar.
Şagirdlərə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda tarixi abidələr, müasir istehsal müəssisələri, turizm, mədəniyyət və idman obyektləri, bölgənin gözəl təbiəti ilə tanış olmaq imkanı yaradılıb.
Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.
Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, binanın birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar, ikinci mərtəbəsində isə 1200 yerlik çoxfunksiyalı konfrans zalı yerləşir. Bu zal kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.
Qəbələ konserv zavodunda olan məktəblilərə məlumat verilib ki, burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi, həmçinin sərinləşdirici işçilər istehsal olunur.
Məktəblilərin Qəbələ ilə tanışlığının növbəti ünvanı "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyektində hazırda 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu "Tufandağ” oteli açılıb, dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3 min nəfərə xidmət göstərə bilir. Dörd kanat xəttinin ümumi uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illər ölkəmiz üçün yeni idman növü olan xizəkçiliyin gənclər arasında yayılmasına səbəb olub. Kompleksin xizəkçilik mərkəzi həm turizmin inkişafı, həm də yeni dağ idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məlumatları maraqla dinləyən məktəblilər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki "Çotari” alban-udi kilsəsində olublar. Məlumat verilib ki, kilsə qədim abidələrdən biridir. Tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə dörd mindən çox udi yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur.
Məktəblilərin Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna ekskursiyaları da maraqlı keçib. Şagirdlər burada qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Sevindirici xəbər isə odur ki, hər il olduğu kimi, bu il də tur-aksiya olduqca maraqlı keçib və məktəblilər qələbə qazanıblar. "Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasında qazaxlı məktəblilər ikiqat sevinc hissi yaşayıblar. Məktəblilərimiz 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdiriblər. 51 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” və "Vurğun” komandaları 1-ci və 3-cü yerləri qazanıblar. Komandamız Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülüblər.

 

 

Keçidlər