Çoxmənzilli binalarda təmir işləri sürətlə davam etdirilir
Son 3 ildə Qazaxda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmirinə də üstünlük verilir. Bu istiqamətdə görülən işlər demək olar ki, geniş vüsət alıb. Ötən müddət ərzində respublika prezidenti İlham Əliyev tərəfindən imzalanan çoxsaylı Sərəncamlara əsasən bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda, bu istiqamətdə görülən işlər daim diqqət mərkəzində saxlanılır.
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır, Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə suvaq işləri yekunlaşıb.
Rayonda daha bir neçə binada - şəhərin Heydər Əliyev prospektində yerləşən 127 və 171 saylı, eləcə də Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da yaxın vaxtlarda təmir işlərinə başlanılacağını qeyd etmişdik. Artıq ikimərtəbəli 3 bloklu 2 və 3 saylı binalarda təmir işlərinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunan həmin binalarda olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, qeyd olunan binalarda bu gündən təmir işlərinə start verilib. Belə ki, bloklarda köhnə suvaqlar çapılaraq tökülür və yeni suvaqla əvəz olunur. Eyni zamanda, bloklarla yanaşı, binaların xarici fasadında da təmir işlərinin aparılacağı qeyd olunub.
Sonra rayon rəhbəri Azadlıq küçəsi 107 saylı binada görülən işlərlə tanış olub. Bildirilib ki, bu binada da bloklarda və xarici fasadda astar-üzlük işləri həyata keçirilir. Bundan əlavə, binanın həyətində yerləşən yaşayış evlərinin hasarlarında da suvaq işləri görülür.
Bina sakinləri də yaşadıqları binaların təmir olunması xəbərini razılıq hissi ilə qarşılayırlar. Son illər respublikamızda, eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Xüsusən də çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiklərini qeyd edirlər. Görülən işləri onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addım kimi dəyərləndirirlər.