General Əlağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunmuş turnir keçirilmişdir
Qazax rayonunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının general, hərbi xadim Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr 2014-cü il tarixli Sərəncamına uyğun olaraq tədbirlər davam edir.
Bu günlərdə Qazax rayon İcra Hakimiyyətinin və Qızıl Aypara cəmiyyətinin Qazax rayon şöbəsinin təşkilatçılığı ilə Əlağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunmuş futbol üzrə xatirə turniri keçirilmişdir.Tədbiri giriş sözü ilə Qızıl Aypara cəmiyyətinin Qazax rayon şöbəsinin sədri Qurban Qurbanlı açmışdır. O, generalın keçdiyi həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Rayon İcra Hakimyyətinin məsul işçisi Sərdar Orucov, İcra Hakimiyyəti başçısının Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev, Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev və başqaları mərasimdə çıxış etmişlər. Sonra futbol üzrə şəhər stadionunda keçirilən xatirə tirnirinə start verilmişdir. Turnirin finalında rayonun Xanlıqlar və Birinci Şıxlı kənd futbol komandaları qarşılaşmışlar. Gərgin keçən mübarizə şəraitində Birinci Şıxlı kəndinin futbol komandası 3:0 hesabı ilə qalib gəlmiş və turnirin qalibi olmuşdur.
Qalib komandaya Qızıl Aypara Cəmiyyətinin prizi və mükafatları təqdim olunmuşdur.