Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 41 min nəfərdən çox sakin tibbi müayinədən keçib

30 mart 2019 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən 1 aydan artıqdır ki, başlanılan əhalinin pulsuz tibbi müayinəsi Qazaxda da uğurla həyata keçirilir. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən fevralın 12-dən start götürən aksiya Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində aparılır. May ayının 12-dək davam edəcək tibbi müayinə aksiyasının bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub və hər cür şərait yaradılıb. Bundan əlavə, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 nömrəli əmrinə əsasən müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılıb. Həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur. Ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinə edirlər. Lazım olan halda briqadalar tərəfindən şəhid ailələri və yaşlı insanların müayinə olunması üçün evlərə də aktiv gedişlər olur. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.
Məlumat üçün qeyd edək ki, bu günə kimi Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil olunan aksiyada 41795 nəfər tibbi müayinədən keçib. Onlardan 38942 nəfər sağlam hesab edilmiş, 196 nəfər stasionar, 2583 nəfər ambulator, 74 nəfər isə istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 70 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır. Həmçinin, bu günə kimi səyyar həkim briqadaları rayonun sərhəd kəndlərindən Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu Ayrım,  Məzəm, Fərəhli, Cəfərli, eləcə də Daş Salahlı kəndlərində olaraq sakinləri tibbi müayinə ediblər. Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə olan səyyar briqada burada yaşayan Xeyrımlı, Aşağı Əskipara və Yuxarı Əskipara kənd sakinlərinə də tibbi xidmət göstəriblər.
Rayon sakinləri də ölkəmizdə bu xeyirxah aksiyanın təşkil olunmasını çox böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını söyləyirlər. Növbəlilik əsasında müayinə olunduqlarını qeyd edən sakinlər onlara hər cür diqqət və qayğı göstərildiyini bildirirlər. Əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasını yüksək qiymətləndirən hər bir rayon sakini dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər.
Bu cür aksiyanın keçirilməsində isə əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.

Keçidlər