Vətəndaşın müraciətinə yerində baxılıb
Bu gün genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı və böyük bir tikinti meydançasını xatırladan Qazaxda bütün sahələr inkişaf edir. Daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də vətəndaşların müraciətlərinə operativ şəkildə cavab verilməsi, vətəndaşın istəyinə əsasən yerində baxış keçirilməsidir. Son 3 ildə rayon rəhbərinin vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi bunun əyani sübutudur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hər bir rayon sakini ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə baxılacağını bilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün daha bir vətəndaşın – şəhərin Şəhidlər Xiyabani küçəsi 12 saylı binada yaşayan Qocazadə Ləman Arif qızının müraciətinə əsasən yerində baxış keçirib.
Vətəndaşın istəyini diqqətlə dinləyən icra başçısı onu narahat edən məsələyə aidiyyəti üzrə baxılacağını bildirib.
Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri şəhərdə təmir olunan digər çoxmənzilli yaşayış binaları kimi Şəhidlər Xiyabani 12 və 14 saylı, eləcə də Azadlıq 92 saylı binalarda da yaxın vaxtlarda təmir işlərinin aparılacağını qeyd edib.
Onun istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayan L.Qocazadə ölkə vətəndaşına göstərilən diqqət və qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə minnətdarlığını bildirib.