Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Salahlı kəndində səyyar görüş keçirilib

04 aprel 2019 | 16:00

Bu gün Azərbaycan ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilib. Ulu öndərin qurucusu və memarı olduğu bu dövlətdə yürüdülən məqsədyönlü siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Bütün bu inkişafın arxasında isə ölkə rəhbərinin gərgin əməyi və öz vətəndaşına olan diqqəti, qayğısı dayanır. Bu gün ölkəmizdə hər bir iş vətəndaş amili, mövqeyi üzərində qurulub. Həyata keçirilən bütün layihələrdə vətəndaşların rifah halının yaxşılaşdırılması əsas meyar götürülür. Sevindirici haldır ki, ölkə başçısının vətəndaşlarla bağlı yürütdüyü bu uğurlu siyasət bölgələrimizi də əhatə edir. Son 3 ildə Qazax rayonunda dövlətlə xalq arasında olan birlik, vətəndaşların öz rəhbərinə olan sonsuz inamı bir daha sübut edir ki, bu rayonda doğrudan da vətəndaş amili hər zaman ön plana çəkilir. Bunu Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən hər həftə keçirilən səyyar görüşlər zamanı səsləndirilən fikirlərdən də aydın şəkildə görmək olar. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən növbəti səyyar görüş  Yuxarı Salahlı kəndində olub. Bütün səyyar görüşlərdə olduğu kimi, bu görüşdə də ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən məsələlər və qayğılar da dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonu istiqamətində törədilən təxribat nəticəsində şəhid olan həmyerlimiz, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun göstərdiyi şücaətdən söz açıb, görüşdə iştirak edən şəhidin atasına, yaxınlarına, kənd sakinlərinə bir daha başsağlığı verib. Bundan əlavə, Azərbaycan ədəbiyyatına böyük töhfələr verimiş Xalq şairi Osman Sarıvəllinin uzun müddət Türkiyədə çalışan oğlu, professor Babək Qurbanovun ölümü ilə bağlı kədərləndiyini bildirib, dəyərli insana Allahdan rəhmət, yaxınlarına isə səbir diləyib.
Ölkə başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir”, - deyən rayon rəhbəri bildirib ki, keçirilən hər bir görüşün məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerində həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Ölkə prezidentinin diqqət və qayğısı sayəsində son 3 ildə Qazaxda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən söz açan rayon rəhbəri qeyd edib ki, bu illər ərzində görülən işlər göz qabağındadır. Rayonda bütün sahələrin inkişaf etdiyini diqqətə çatdıran rayon rəhbəri abadlıq işlərində, kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə əldə edilən uğurlu nəticələri həmin illərdə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsi kimi qiymətləndirib.
Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını, sərhəd qoşunları üçün yeni inzibati binaların tikintisini göstərib.
Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu bildirib. Hər il olduğu kimi, bu il də məktəblilərimizin "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə ilə qayıtdıqlarını vurğulayıb. Qeyd edib ki, Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla ayrılan şagirdlərimiz bu dəfə də rayonumuza əliboş qayıtmayıb. "Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasından qələbə sevinci ilə dönüblər. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdiriblər. Ümumilikdə 51 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Vurğun” komandası 1-ci yeri, "Günəş” komandası isə 3-cü yeri qazanıblar. Komandalarımız Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülüblər.
İcra başçısı qazaxlılar üçün əlamətdar hadisə sayılan tarixi məqamlardan da danışıb. Qeyd edib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalanıb. Bu gün hər bir qazaxlı həmin Sərəncamı yüksək minnətdarlıq hissi ilə qarşılayır və təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət kimi deyil, eyni zamanda, Qazax ziyalılarına verilən böyük dəyər kimi qiymətləndirirlər. Rayon rəhbəri ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verən Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanan 3 noyabr 2018-ci il tarixli Sərəncamdan sonra imzalanan ikinci böyük Sərəncama görə bütün rayon ictimaiyyəti adından bir daha ölkə başçısına dərin minnətdarlığını çatdırıb.
Rayon rəhbəri bildirib ki, bu ilin daha bir sevindirici xəbəri də odur ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşası öz əksini tapıb. Bu gün həmin korpusların inşası uğurla davam etdirilir. Bu, eyni zamanda, rayon sakinlərinin işlə təmin olunması deməkdir. Bu gün həmin tikintidə xeyli sayda rayon sakini çalışır, həm yeni korpusun tikintisinə, həm də işlə təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq edir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dünən Qazaxda Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirindən danışan icra başçısı həmin tədbirdə xalqla ordunun birliyinin bir daha nümayiş olunduğunu diqqətə çatdırıb.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 17-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Bildirib ki, bu gün bir neçə kənddə bağçanın olmasına ehtiyac var ki, həmin kəndlərdən biri də Yuxarı Salahlı kəndidir. Rayon rəhbəri bu kənddə də bağçanın açılması istiqamətində məqsədyönlü işlər görülməsinin nəzərdə tutulduğnu qeyd edib.
İcra başçısı son 3 ildə Qazaxda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmirinə də üstünlük verildiyini diqqətə çatdırıb. Ötən müddət ərzində respublika prezidenti İlham Əliyev tərəfindən imzalanan çoxsaylı Sərəncamlara əsasən bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verildiyini bildirib. Eyni zamanda, bu istiqamətdə görülən işlərin uğurla davam etdirildiyini və daha bir neçə binanın təmir olunduğunu söyləyib.
Rayon rəhbəri qeyd edib ki, bu gün kənddə mövcud olan problemlərdən biri də Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasıdır. İcra başçısı Dövlət Proqramında 5 il müddətində daha 21 ədəd subartezian quyusunun qazılması ilə yanaşı, Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasının da nəzərdə tutulduğunu vurğulayıb.
Rayon rəhbəri son aylar ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanlardan da söz açıb. Təqaüdlərin, əməkhaqqının, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, Əfqanıstan müharibəsi iştirakçılarının, şəhid və məcburi köçkün ailələrinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan rayon rəhbəri görülən bu işləri ölkə vətəndaşlarına verilən ən böyük qiymət kimi dəyərləndirib. İcra başçısı dünən, aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdən də söz açıb. Həmin görüşdə "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin üzvlərinin də iştirak etdiyini qeyd edib. Ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman Qarabağ qazilərinə dəstək olunduğunu, diqqət və qayğı ilə yanaşıldığını bildirib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi Yuxarı Salahlı kəndində də bu işin həyata keçirildiyini bildirib.
"Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Sakinlərdən Məhəmməd Vəkilov, Məmləkət Umudova, Sultan Vəkilova, Abdulla Məmmədov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin bizlərə miras qoyduğu güclü Azərbaycan dövlətinin güdən-günə inkişaf etməsinə və ölkəmizdə yürüdülən uğurlu dövlət siyasətinə görə ölkə başçısı İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Son illər respublikamızda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin Qazaxda da geniş vüsət almasını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən kənddəki selötürücü kanalın beton üzlüyə alınması, bağçanın açılması və digər səpkili müraciətləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində baxılacağını bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq kənd sakinlərinə gələcək işlərində uğurlar arzulayıb.

Keçidlər