Çoxmənzilli binalar təmir olunur
Son illər respublikamızda bütün sahələrdə nəzərə çarpan inkişaf paytaxt Bakı ilə yanaşı, regionlarda da hiss olunmaqdadır. Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş uzaqgörən siyasəti nəticəsində bütün bölgələrimiz inkişaf edir. Qazaxda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmiri də daim diqqət mərkəzində saxlanılır. Respublika prezidenti İlham Əliyev tərəfindən imzalanan çoxsaylı Sərəncamlara əsasən bu istiqamətdə görülən işlərin geniş vüsət alması nəticəsində bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Böyük sürətlə start götürən təmir işləri bu il də uğurla yerinə yetirilir. Hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır, Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə suvaq işləri yekunlaşıb.
Rayonda daha bir neçə binada - şəhərin Heydər Əliyev prospektində yerləşən 127 və 171 saylı, eləcə də Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da təmir işləri aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk olaraq Ə.Qədirov küçəsində təmir olunan həmin binalarda olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, qeyd olunan binaların bloklarında astar və üzlük vurulması işləri görülür. Bütün bloklara giriş qapıları qoyulub.
Heydər Əliyev prospekti 171 saylı binada olan icra başçısına bildirilib ki, bu binada da işlər eyni qaydada aparılır. Bu binaların giriş hissəsinə yeni qapılar qoyulacaq.
Sonra rayon rəhbəri Azadlıq küçəsi 107 saylı binada görülən işlərlə tanış olub. Bildirilib ki, bu binada bloklarda astar-üzlük işləri tam başa çatıb. Hazırda binanın xarici fasadında ikinci qat üzlük vurulur və yekunlaşmaq üzrədir. Qapılar qoyulub. Bundan əlavə, binanın həyətində yerləşən yaşayış evlərinin hasarlarında da suvaq işləri görülüb. Qeyd olunub ki, suvaqla bağlı son tamamlanma işləri yekunlaşdıqdan sonra rənglənmə işlərinə başlanılacaq.
Yaşadıqları binaların təmir olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda, eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiklərini qeyd edən bina sakinləri görülən işləri onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addım kimi dəyərləndiriblər.