Şriftin ölçüsü :

Saytın rəngi :

“Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir”

06 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, Aprel şəhidlərinin valideynləri, ailə üzvləri, döyüşlərdə yaralanan əsgər və zabitlər, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər Xatirə kompleksini ziyarət edərək “Əbədi məşəl” önünə qırmızı qərənfillər düzüb, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, ulu öndərimizin adını daşıyan parkda keçirilən hərbi şöhrət bayramına qatılıblar.
Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdikdən sonra Üzeyir Hacıbəylinin “Cəngi” musiqisinin sədaları altında “Aprel zəfəri - 2016” ədəbi-musiqili-xoreoqrafik kompozisiya təqdim olunub.
Tədbirin aparıcıları respublikanın Xalq artisti Pərvanə Qurbanova və Əməkdar incəsənət xadimi Abdulla Qurbani Aprel zəfərinin yeni hərb tariximizdə mühüm yer tutduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Aprel döyüşlərinin bizim şanlı tarixi qələbəmiz olduğunu nəzərə çatdırıblar. Bu zəfərə həsr edilmiş mahnılar, hərbi marşlar və rəqslər ifa edilib.
Aprel döyüşlərində və Naxçıvan Muxtar Respublikasında uğurlu əks-hücum əməliyyatları nəticəsində bir çox strateji yüksəklikləri düşməndən azad edərək min hektarlarla ərazilərin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin Azadlıq meydanında keçirilən hərbi paradlarda nümayiş etdirilən döyüş bayraqları meydana gətirilib. Tədbir iştirakçıları həmin bayraqları ayaq üstə alqışlarla qarşılayıb və işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər.
İcra hakimiyyətinin başçısı R.Babaşov Aprel zəfərinin qazanılmasında, uzun illərdən sonra xalqımıza qələbə sevincinin yaşadılmasında dövlətimizin başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu minnətdarlıq hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Qeyd olunub ki, müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış Aprel zəfəri Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun şanlı qələbəsidir. Bu qələbə ordumuzun gücünü, dövlətimizin qüdrətini və xalqımızın həmrəyliyini göstərdi.
Düşmən təkcə məğlub edilmədi, o həm də sındırıldı, Azərbaycan Ordusundan qat-qat gücsüz olduğunu etiraf etdi.
Bir gün əvvəl Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarının hərbi hissəsindən birində olmuş Ali Baş Komandan İlham Əliyevin şəxsi heyətlə görüşündə Aprel döyüşləri barədə dediyi fikirlər hərbi şöhrət bayramı iştirakçıları tərəfindən alqışlarla qarşılanıb: “Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.
Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan, Qazax rayonundan hərbi xidmətə çağırılan şəhid kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin qəhrəmanlıqları xatırlanıb, onların ölməzliyi naminə məşəllər yandırılıb.
Şəhid valideynləri dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin layihəsi əsasında Müdafiə Nazirliyinin təşkil etdiyi hərbi-vətənpərvərlik tədbirləri həftəsi Bakı şəhərində yekunlaşacaqdır.

 


Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
6 aprel 2019-cu il

Keçidlər