Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır

23 aprel 2015 | 15:00

Qazaxda Rayon İcra Hakimiyyətinin və YAP Qazax rayon təşkilatının təşklatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, həkim və səhiyyə işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Həmid Pənahov açmış və Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, mənalı, keşməkeşli ömür yolu haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.
YAP rayon təşkilatının Qadınlar Çurasının sədri Asya Alhüseynova geniş məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim  Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.
Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü tamam olur. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. Tale Zərifə xanıma onu sevən, ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı – müasir müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına, Vətəninə sədaqətlə xidmət etmiş Heydər Əliyevi bəxş etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu...
Ulu öndər Heydər Əliyevin düz 14 il əvvəl, 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə çox kövrəkliklə söylədiyi bir fikri xatırlatmaq istəyirəm: “....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır.” Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün milli dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər. İki ləyaqətli övlad böyütdülər.
Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməmişdir. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib. Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. Uzun illər apardığı müşahidələr, kliniki tədqiqatlar əsasında Zərifə xanım Əliyeva 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmoloji mərkəzlərindən biri olan Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edir. Məhz peşə xəstəliklərinin elmi araşdırmalarının uğurlu nəticələrinə görə professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafata – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldü. Diqqətəlayiqdir ki, o, bu mükafatla təltif olunan ilk qadın alim idi.
Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir.
Zərifə xanımın tədqiqatları elmin yalnız bir istiqamətini əhatə etmirdi, o, oftalmologiyanın ən müxtəlif mövzularını işıqlandırır, tam fərqli xəstəliklərin səbəbini araşdırırdı. Qlaukoma, peşə oftalmologiyası, göz travmatizmi, görmə orqanının virus zədələnməsi, bədxassəli şişlər, göz yaşı yolu xəstəlikləri – bu və digər istiqamətlərdə aparılan tədqiqatların nəticələri iki yüzə qədər məqalə, məruzə, monoqrafiyada öz əksini tapmışdı. Görkəmli alimin zəngin elmi irsi bu gün də aktualdır. Onun bir çox əsərləri, dərslikləri oftalmoloqların stolüstü kitabları kimi daim vərəqlənir, oxunur, praktiki fəaliyyətlə məşğul olan göz həkimləri tərəfindən çox yüksək qiymətləndirilir.
Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Dünya oftalmologiya elminin digər tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyiblər. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı” adlandırıb. Professor V.V.Şmelyeva demişdir: “Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”.
Belə bir fikir vardır: əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur. Bu mənada, Zərifə xanım Əliyevanı uzunömürlü hesab etmək olar. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. İşıqlı xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək – belə xoşbəxtlik çox az adamın taleyinə yazılır
Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
Daha sonra Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Qazax şəhər Poliklinikasının göz həkimi Rəqiyyə İsmayılova, Qazax Dövlət Sosial-İqtisad Kolecinin müəllimi Tərlan Bədəlova, Qazax şəhər 3 saylı uşaq bağçasının müdiri Nəzakət İsgəndərova və başqaları çıxış etmiş və Zərifə xanım Əliyevanın görkəmli alim, nəcib insan, mehriban ana, sədaqətli ömür-gün yoldaşı kimi həyat və fəaliyyəti barədə danışmışıar.

Keçidlər