Qazaxda Çanaqqala zəfərinin 100 illiyi qeyd olunmuşdur
Türkiyənin Çanaqqala savaşında zəfər çalmasının 100 illiyi münasibətilə Qazax Sement Zavodunda tədbir keçirilmişdir. Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş akt zalında keçirilən tədbirdə zavodda çalışan işçilərlə, azərbaycanlılarla yanaşı, türklər də iştirak etmişdir.
Tədbir Çanaqqala savaşına həsr olunmuş filmin nümayişi ilə başlamışdır.
Sonra zavodun inzibati işlər üzrə depertamentinin direktoru Əlif Məmmədov tədbiri giriş sözü ilə açaraq Çanaqqala zəfərinin Türkiyə dövlətinin tarixindəki əhəmiyyətindən, Azərbaycan və türk xalqlarının dostluğundan danışmışdır. Zavodun direktoru Yusif Ziya Bəkiroğlu, "Göyəzən" qəzetinin redaktoru Elçin İsmayıl və digər çıxış edənlər həmin qələbənin əldə olunmasına kömək məqsədilə minlərlə azərbaycanlının türk qardaşlarının köməyinə getdiklərini, döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəhid olduqlarını, hazırda həmin torpaqlarda uyuduqlarını və Çanaqqala qələbəsinin ortaq tariximizin şanlı səhifəsi olduğunu söyləmişlər. Qeyd olunmuşdur ki, "Bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan bu gün dünya birliyində birgə mövqe nümayiş etdirir, xalqlarımız daha da sıx birləşir. Uydurma "1915-ci il erməni soyqırımı"ndan da danışılmışdır. "Erməni soyqırımı"nın 100 ilin yalanları olduğu bildirilmişdir. Erməni yalanlarının yayılmasının qarşısının alınması və ifşa olunması üçün həm Azərbaycan, həmdə Türkiyədə mühüm işlərin görüldüyü vurğulanmış, bu məsələdə Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri yada salınmışdır. Avropa ölkələri və kimlərsə 100 il əvvələ qayıtmaqdansa, Qarabağda, Xocalıda törədilən qanlı faciələrə nəzər salmalıdır. Kimlərsə uydurma "Soyqırımı" ilə bağlı erməni yalanlarına qəbul etməklə tarixi saxtalaşdırırlar.
Çıxış edənlər Qarabağ savaşında Azərbaycan xalqının da tezliklə qələbə əldə edəcəyinə əmin olduqlarını bildirmişlər.