Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hafiz Abdullayevin üç mərasimi keçirilib

16 aprel 2019 | 16:00

Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu, Qazax rayon Yuxarı Salahlı kənd sakini Abdullayev Hafiz Məhəd oğlunun üç mərasimi keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə üç mərasimində iştirak etmək üçün Yuxarı Salahlı kəndində olub, şəhidin atası və yaxınları ilə görüşüb.
Mərasimdə icra aparatının kollektivi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Mehman Rəhimov və şöbənin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, KİV nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Şəhidin atası Məhəd Abdullayevlə görüşən qonaqlar bir daha başsağlığı verib, şəhidimizə Allahdan rəhmət diləyiblər. Bütün şəhidlərimiz kimi, onun övladının da xatiəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd ediblər. Bildiriblər ki, bütün şəhid ailələrinə qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını, bu gün də əsgərlərimizin Ali Baş Komandanın ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
Şəhidin atası da öz növbəsində onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Məhəd Abdullayev qeyd edib ki, dəfn mərasimində söylədiyim kimi, mən bu gün də ürəklə deyirəm ki, "Vətən, başın sağ olsun”.
Məlumat üçün bildirək ki, Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiq hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 1 qız və 2 oğul övladı yadigar qalıb.

Keçidlər