Respublikada ilk elektrod zavodu Qazaxda inşa olunub
Ölkəmizdə dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində də məqsədyönlü işlər görülür. Bunu son illər Azərbaycanda inşa olunan sənaye müəssisələrinin sayının ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Bu gün sevindirici hal isə odur ki, paytaxt Baki ilə yanaşı, bütün bölgələrimizdə də bu sahənin inkişafına xüsusi önəm verilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Rayonda yeni sənaye müəssisələrinin yaradılması bu dediklərimizin əyani sübutudur.
Qazaxda "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yaradılan yeni istehsal müəssisələrindəndir. Azərbaycanda ilk dəfə olaraq Xanlıqlar kəndi ərazisində inşa olunan bu yeni elektrod zavodu ölkə sənayesinin inkişafı ilə yanaşı, həm də rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə zavoda baş çəkib, mövcud vəziyyət və istehsal olunan məhsullarla tanış olub.
Administrasiya nümayəndəsinə məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər başa çatıb. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır. Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.
Qeyd olunub ki, Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas avadanlıqlar quraşdırılıb və artıq elektrod istehsal olunur.
Ürətim şefi Dinçer Aydın zavoda gətirilən avadanlıqlar və quraşdırılma mexanizmi barədə də məlumat verib. Qeyd edib ki, zavodda olan bütün avadanlıqlar müasir standartlara cavab verən səviyyədədir. Bildirib ki, istehsal olunan məhsulun keyfiyyətinə də xüsusi diqqət ayrılır. Bildirilib ki, bu gün ilk dəfə olaraq Qazaxda tikilən bu zavod nəinki daxili bazara, eləcə də xairici bazara da öz məhsullarını ixrac etməyi planlaşdırır. Zavodla yaxından tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.