Qazax rayonunun Aşağı Salahlı kəndində səyyar qəbul - görüş keçirilmişdir
Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov fəaliyyətə başladığı ilk gündən şəhər və kəndlərdə əhali ilə səyyar qəbul-görüşlər keçirir. Keçirilən qəbul-görüşlərdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilir, onların həlli istiqamətində elə yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilir.
Belə görüşlərdən biri də rayonun Aşağı Salahlı kəndində keçirilmişdir. Qəbulda Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, İcra Aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. Əvvəlcə, rayon İcra Hakimiyyətinin basçısı cənab Ayaz Əsgərov Qazax rayonunda və eləcədə, Aşağı Salahlı kəndində son illərdə görülmüş işlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, son illər Qazax rayonunun bütün yaşayış məntəqələri qazlaşdırılmış, fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilmiş, əhalinin suvarma və içməli su ilə təminatı yaxşılaşdırılmış, rayonun 47 ümumtəhsil məktəbindən 28-i üçün yeni bina tikilmiş, 6 məktəb binası əsaslı təmir edilmiş, 5 həkim məntəqəsi və 2 yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir. Rayon Mərkəzi Xəstəxanasının, Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsinin inzibati binasının, Şəhid ailələri və Qarabağ Müharibəsi Əlilləri üçün 12 fərdi evin tikintisinə, məcburi köçkün ailələri üçün 304 mənzillik yeni yaşayış binasının tikintisinə başlanılmışdır. Erməni silahlı birləşmələri tərəfindən yandırılmış 80 evlik Qızıl Hacılı kəndinin bərpası üçün torpaq sahəsi ayrılmış, yeni Şahmat Məktəbi, Gənclər Mərkəzi, Ədəbiyyat Muzeyi, YAP rayon təşkilatının yeni inzibati binası tikilmiş, Heydər Əliyev Mərkəzində, Heydər Əliyev parkında, Fəxri Qazaxlılar parkında, Dəmir Yolu Stansiyasının inzibati binasında əsaslı təmir işləri aparılmlışdır. Yeni Yuxarı Salahı-Kəmərli (23 km), Qazaxbəyli-Aşağı Salahlı (7 km) və Qazax-Quşçu Ayrım (27 km) avtomobil yolları çəkilmişdir. Rayonun müxtəlif yaşayış məntəqələrində 25 ədəd yeni subartezian quyuları qazılmış, 61 km məsafədə su arxları beton üzlüyə alınmışdır.
O cümlədən, Aşağı Salahlı kəndində H.Əliyev Fondu hesabına 400 şagird yerlik tam orta məktəb binası tikilmiş, 7 km uzunluğunda Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolu asfaltlaşdırılmış, 5 ədəd subartezian quyusu qazılmış, uşaq bağçası əsaslı təmir edilmiş, 10 km uzunluğunda suvarma arxı beton üzlüyə alınmış, hidroqurğular yenisi ilə əvəz olunmuş, 3 km uzunluğunda içməli su xətti, 4,1 km uzunluğunda kənddaxili məhəllələrə su xətti, kənd qəbirstanlığının ətrafına metal tor çəkilmiş, 3 km uzunluğunda kənddaxili yolara qum-çınqıl döşənmişdir. Kür çayının sağ sahilində drenaj xətlərinin təmizlənməsi işlərinə başlanılmışdır. Kənd 100 faiz təbii qazla və 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir.
Sonra kənd sakinləri çıxış etmişlər və təkliflər səsləndirlmişdir.
-Kənd ağsaqqalı Nuriyev Mirzə Vəli oğlu kənddə görülmüş işlər barədə məlumat verdi və bildirdi ki, Aşağı Salahlı kəndi Bakıdan ən uzaqda yerləşən kənd olmasına baxmayaraq Respublikanın ən abad və inkişaf etmiş kənblərindən biridir. M.Nuriyev Qazax şəhərinin yeni su-kanalizasiya xəttinin çəkilməsi işlərinin nədənsə ləngidiyini bildirdi və bu işə tezliklə başlanılmasına köməklik göstərilməsini xahiş etdi.
-Kənd sakini Poliyev Ramiz Bayram oğlu kənddə 3 ədəd yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi.
-Kənd sakini Aşağı Salahlı kənd orta məktəbin direktoru Anlaqov Cahangir Vidad oğlu bildirdi ki, Yeni tikilmiş məktəb binasının qazla isidilməsi üçü yeni istilik sisteminin quraşdırılmasına və qazanxananın tikintisinə ehtiyac olduğunu söylədi.
-Kənd sakini Aşırov Nüsrət Kərim oğlu kənddə yeni həkim məntəqəsinin tikintisinə köməklik göstərilməsini xahiş etdi. .
-Kənd sakini Küləşova Afət Məhərrəm qızı kənddə 100 yerlik yeni uşaq bağçasının tikintisinə ehtiyac olduğunu bildirdi.
-Kənd sakini Süleymanov Əli Süleyman oğlu bildirdi ki, kənd daxilindəki elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyac vardır.
-Kənd sakini Həsənov Taleh Əhməd oğlu Kür çayının sağ sahilində sahilbərkitmə işləri aparılmasına köməklik göstərilməsini xahiş etdi.
-Kənd sakini Əfəndiyev Yaşar Oktay oğlu bildirdi ki, taxıl biçinin qısa müəddətdə və itkisiz aparılması üçün yeni kombaynların alınmasına ehtiyac vardır.
-Kənd sakini Aşurova Billurə Cahangir qızı uşaq bağçasının həyətində uşaqların əylənməsi üçün qurğuların quraşdırılmasını xahiş etdi.
Cənab Ayaz Əsgərov sonda sakinlər tərəfindən irəli sürülmüş təkliflərə münasibət bildirmiş və onların icrası üçün aidiyyəti struktur və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Səyyar qəbul-görüşdən sonra Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev kənddəki uşaq bağçasının fəaliyyəti ilə maraqlanmış və oraya baxış keçirmişdir. Qonaqlar bağçanın fəaliyyətindən razı qaldıqlarını bildirmişlər.