Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı İkinci Şıxlı kəndindəki Aqro Parkda olub

16 aprel 2019 | 16:00

Bu gün ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan, məqsədyönlü tədbirlərdən biri həm dövlətimizin sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsi, həm də iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasıdır. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncam və fərmanlara uyğun olaraq elə bir sahə yoxdur ki, orada olan inkişaf, tərəqqi gözə çarpmasın. Bütün bunlar isə kənd təsərrüfatının, ümumilikdə ölkə iqtisadiyyatının artan templə inkişaf etməsi deməkdir.
Ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr respublikamızın hər yerində oluğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılması bu sahədə görülən işlərin bariz nümunəsidir.
Rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Park da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan biridir. Belə ki, rayonda yaradılmış bu Aqro Park həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Aqro Parkdakı mövcud vəziyyətlə tanış olub.
İdarə işlər üzrə şöbə müdiri Seymur Əhmədov rayon rəhbərliyinə Aqro Park haqqında ətraflı məlumat verərək bildirib ki, torpaq sahələrinin suvarılması məqsədilə uzunluğu 13,5 km olan 520 m-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü pillə nasos stansiyaları arasında basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili suvarma məqsədilə uzunluğu 18 km olan 315 m-lik polietilen borularla yeraltı suvarma xətləri çəkilib. Bundan əlavə, Aqro Park daxilində sahəsi 1600 kv.m olan quru anbar, tutumu 2600 ton olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi 463 kv.m olan ikimərtəbəli inzibati idarəetmə ofis binası da tam hazırdır. Sahəsi 608 kv.m olan texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin, ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və.s inşa edilib istismara verilib. Qeyd edib ki, elektrik təminatı ilə əlaqədar 13,2 km uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000 kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb.
Qeyd edib ki, Aqro Parkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa edilib, o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilib. Həmçinin, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya alınıb. Bundan başqa, Aqro Parkın həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.
S.Əhmədov bu il üzrə aparılan səpin işləri haqqında da ətraflı məlumat verib. Bildirib ki, 2109 hektar sahədə əkin işlərinin aparılması nəzərdə tutulub ki, bunun 300 hektarına kartof, 603 hektarına taxıl, 5 hektar noxud, 25 hektar kök, 45 hektar sahəyə isə soya səpilib.
Aqro Parkla tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsyələrini verib.

Keçidlər