Təmir olunan çoxmənzilli binalarda son tamamlanma işləri görülür
Bu gün tam əminliklə deyə bilərik ki, ölkə rəhbəri tərəfindən düşünülmüş siyasətin, Azərbaycan dövlətinin son illər nail olduğu uğur və nailiyyətlərin əsasını ölkədəki əmin-amanlıq, sabitlik, bir də vətəndaş amili təşkil edir. Dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz uzun illər ərzində uğurlu inkişafını təmin edə bilib.
Təqdirəlayiq haldır ki, paytaxtla yanaşı, respublikamızın bütün bölgələri də inkişaf edir. İstər elm, təhsil, mədəniyyət, istər kənd təsərrüfatı, istərsə də abadlıq və quruculuq sahəsində bu inkişafın şahidi oluruq. Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son 3 ildə özünün inkişaf dövrünü yaşayan rayonlardan biri də Qazax rayonudur. Bu gün rayonda elə bir sahə tapılmaz ki, həmin sahədə olan yeniliyin, uğur və nailiyyətin şahidi olmayaq. Əsas diqqət çəkən məqam isə odur ki, hər bir işin arxasında vətəndaşlar və onların qayğıları dayanır.
Bu gün rayonda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Ölkə başçısı İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir.
Ötən ildə olduğu kimi, bu il də çoxmənzilli binaların təmirinə böyük sürətlə start verilib. Hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, 127, 171, Azadlıq küçəsi 107 saylı, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada, eləcə də Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilib. Azadlıq küçəsində yerləşən 31,32,33 saylı binaların dam örtüyünün dəyişdirilməsi işi də başa çatıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin H.Əliyev prospektində yerləşən 175 və 173 saylı binalarda görülən son tamamlanma işləri ilə tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, hər iki binada bloklarda əsas işlər yekunlaşıb. Belə ki, suvaq və üzlük vurulması, elektrik xətlərinin səliqəyə salınması tam başa çatıb. Bundan başqa, blokların giriş hissəsinə yeni qapılar qoyulub. Hazırda binaların xarici fasadında suvaqdan sonra ikinci qat üzlük vurulması işləri aparılır və yekunlaşmaq üzrədir. Həmçinin, binaların həyətində aparılan abadlıq işləri də bitib.
Rayon rəhbəri işlərin sürətləndirilməsini bildirib və bəzi tapşırıqlarını verib.
Yaşadıqları binaların təmir olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda, eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.