Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı toplantı keçirilmişdir
Qazax rayonunda 31 Mart azərbaycanlıların soyqırımı günü ilə bağlı toplantı keçirilmişdir. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən toplantıda idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov toplantını açıq elan edərək ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı tarixi fərmana əsasən martın 31-nin soyqırımı günü kimi respublikamızda hər il dövlət səviyyəsində qeyd edilməsindən danışmışdır. Qeyd etmişdir ki, tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar, Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-1990-cı illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki torpaqlarından köçürülməsi, Bakı, Quba və başqa Azərbaycan şəhər və kəndlərində kütləvi qırğınlar törətməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı sübutudur.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova məruzə ilə çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı olan mənfur siyasətindən söz açmış, 1918-ci ilin yanvar ayında qədim Azərbaycan şəhəri olan İrəvana və onun ətrafındakı 211 müsəlman kəndinə basqın edərək orada yaşayan 300 min azərbaycanlını qırıb, minlərlə insanı öz yurd-yuvalarından didərgin salaraq, bu tarixi Azərbaycan şəhərini erməni şəhərinə çevirmələrindən danışmışdır. Erməni daşnaqlarının Azərbaycan xalqına qarşı apardığı soyqırım siyasəti 1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində də həyata keçirilmişdir. Münaqişə başlayan illərdə ilk yandırılan kənd də məhz Bağanıs Ayrım kəndi olmuşdur. Kənd sakinlərinin diri-diri yandırılması bir daha sübut edir ki, bu vəhşiliyi yalnız insan kəlməsinə belə layiq olmayan ermənilər törədə bilərlər.
Tədbirdə uşaq yaradıcılıq mərkəzinin dərnək rəhbəri Rima Xanbabayeva, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək 31 Mart azərbaycanlıların soyqırımından, bütün dünyada soyqırımın tanınmasının vacibliyindən söhbət açmışlar.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov toplantıya yekun vuraraq möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında düşməndən qisas alınacağına, işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə əmin olduğunu bildirmişdir.