Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda körpələr üçün yaradılan şərait yüksək qiymətləndirilib

24 aprel 2019 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə tam əhatə olunub. Çünki uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və qayğısı ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. Azərbaycan cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyüməsi üçün hər cür şərait yaratmağa çalışıb. Son illər ölkəmizdə dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı, nəvaziş hər kəsə yaxşı məlumdur. Məhz uşaqlara olan sonsuz qayğının nəticəsidir ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. 

Sevindirici haldır ki, ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli sərəncama əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məqsədyönlü işlər görülür. Qazaxda uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki, yeni tikilən uşaq bağçalarının sayı ildən-ilə artır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda qonaq olan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının şöbə müdiri, müəllim proqramları və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca, şair, publisist, tərcüməçi Davud Nəsibovun övladları Xəyyam və Xəyal Nəsibovlarla birlikdə şəhərin mərkəzində yerləşən 3 və 6 saylı körpələr evi-uşaq bağçalarında olublar.

Bağçalarda yaradılan şəraitlə yaxından tanış olan qonaqlara məlumat verilib ki, bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından (6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) 17-si müasir standartlara cavab verən səviyyəyə çatdırılaraq körpə fidanların istifadəsinə verilib. Hazırda rayonda daha bir bağçada – Qazaxbəyli kənd uşaq bağçasında da əsaslı təmir işləri sürətlə davam etdirilir.

Bildirilib ki, rayonda nəinki bağça tikintisinə, eləcə də körpələrə verilən ərzaqların keyfiyyətinə, uşaqlara göstərilən diqqət və qayğıya da xüsusi həssaslıqla yanaşılır. Bundan başqa, balaca fidanların tibbi müayinə olunmalarına daim nəzarət edilir, uşaqları mütəmadi olaraq müayinədən keçirilir.

Hər iki bağça ilə yaxından tanış olan qonaqlar bağçalarda yaradılan şəraiti yüksək qiymətləndiriblər. Paytaxtda olan bağçalardan heç bir fərqinin olmadığını qeyd ediblər.  Bağçalarda çalışan müəllimlər, tərbiyəçilər yaradılan şəraitə, uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərinə bir daha minnətdarlıqlarını çatdırıblar.

 

Keçidlər