Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı rayonumuzda olan qonaqlarla birlikdə xalçaçılarla görüşüb

24 aprel 2019 | 16:00

Bu gün tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olan xalçaçılıq sənəti respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da yaşadılır. Ölkə başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı Qazaxda da yüksək minnətdarlıq hissi ilə qarşılanır. Bu gün hər bir rayon sakini, xüsusilə də xalçaçılar şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça müəssisəsini onlara göstərilən qayğının nəticəsi kimi dəyərləndirirlər. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda qonaq olan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının şöbə müdiri, müəllim proqramları və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca, şair, publisist, tərcüməçi Davud Nəsibovun övladları Xəyyam və Xəyal Nəsibovlarla birlikdə xalça müəssisəsində olub, burada çalışan xalçaçılarla görüşüb, onlar üçün yaradılan şəraitlə tanış olublar.

"Azərxalça” ASC-nin Qazax filialının direktoru Razim İbrahimov rayon rəhbərini və qonaqları salamlayıb, bugünkü görüşə görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin xalçaçılıq sənətinin inkişaf etdirilməsi, bu sahənin əvvəlki şöhrətinin bərpa olunması istiqamətində gördüyü məqsədyönlü işlər biz rayon sakinlərini çox sevindirir. Bildirib ki, dövlət başçısının 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə atılan uğurlu addımların bariz nümunəsidir. Çünki bu addımların arxasında biz vətəndaşların sosial rifah halının yaxşılaşdırılması dayanır. Fəaliyyətləri barədə məlumat verən filial direktoru bildirib ki, müəssisə istifadəyə verildikdən dərhal sonra xalça toxunulmasına başlanılıb. Qeyd edib ki, artıq fabrikdə 100-dən çox xalçaçı çalışır. Qısa müddət ərzində xalçaçılar uğurlar da qazanıblar. "Xalçaçı günü” münasibətilə müəssisədə çalışan Rahilə Əsgərova, Fatma Ləzgiyeva və Xalidə Yolçuyeva "Azərxalça” ASC-nin Fəxri Fərmanı ilə təltif olunublar.

Xalçaçılar adından çıxış edən baş usta, toxucu Rahilə Əsgərova rayonumuzda görülən işlər barədə danışaraq qeyd edib ki, bu gün Qazaxda bütün işlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Xalça fabrikinin tikilməsi və işə salınması, bizlərin işlə təmin olunması buna əyani sübutdur. Bu gün bu müəssisədə çalışan hər bir işçi bir ailəni təmsil edir. Bu isə o deməkdir ki, ölkə başçımız hər bir Azərbaycan ailəsini düşünür və onların maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Son aylar bir-birinin ardınca imzalanan Sərəncam və Fərmanlar da bu işlərin bariz nümunəsidir. Yeni müəssisədə onların işləmələri üçün hər cür şərait yaradıldığını qeyd edən xalçaçı Qazaxda belə bir istehsalat müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə bütün xalçaçılar adından öz dərin minnətdarlığını bildirib.

Sonra toxunması başa çatdırılmış böyük bir xalçanın təqdimatı olub. Rayon rəhbəri və qonaqlar alqış sədaları altında xalçanın iplərini kəsiblər, xalça istifadəyə verilib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər