Qazaxda qanvermə aksiyasi keçirilib
Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasına idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulmuşlar.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Mingəçevir Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlamışlar.
Qazaxda mütəmadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlamış və uğurla başa çatmışdır. Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün tibb müəssisələrinə 300 nəfərdən çox rayon sakini müraciət etmiş və onların 187 nəfərindən qan götürülmüşdür. Rayon üzrə 70 litr qan tədarük edilmişdir.
Sonda aksiyada iştirak edən rayon sakinləri bu cür tədbirlərin keçirilməsini bəyəndiklərini bildirmişlər və hamını burada fəal iştirak etməyə çağırmışlar.