Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda sahibkarlarla görüş keçirilib

29 aprel 2019 | 16:00

Son illər Respublika Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkənin tərəqqisində yüksək nailiyyətlər əldə olunmaqdadır. Dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət ölkədəki islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.
Paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə ölkənin inkişafına hesablanan mühüm dövlət proqramlarının yerinə yetirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması aparılan düzgün iqtisadi siyasətin nəticələridir.
Ölkəmizin inkişafına zəmin yaradan başlıca amillərin biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsidir. Bu gün dünya ölkələrinin təcrübəsində sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahələrinə, sahibkarlığın inkişafına yönəldilməsi, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da sahibkarlığın inkişafı üçün münbit şərait yaradılır. Sahibkarlara olan dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradan əsas amillərdən biri kimi götürülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sahibkarlara çalışdıqları sahələr üzrə öz imkanlarını genişləndirmələri üçün hər cür dəstək göstərir
Bu gün Qazax Rayon İcra Hakimiyyətində rayonda sahibkarlarla keçirilən görüş də bu diqqət və qayğının daha bir bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bu gün Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu, Qazax rayonunun da ölkənin qeyri-neft sektorunun inkişafında xüsusi payının olduğunu qeyd edib. Bölgənin inkişafının sürətləndirilməsi, hədəflərə çatmaq üçün zəruri tədbirlərin görüldüyünü deyən rayon rəhbəri bu sahədə görülən işlərdən söz açıb. Azərbaycanın sürətli inkişafı üçün bölgələrdə hər bir rayon üçün spesifik istehsal sahələrinin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, bu gün aqrar rayon olan Qazaxda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində də uğurlu nəticələrin əldə olunması üçün əməli işlər görülür. Son 3 ildə rayonda yaradılan sənaye müəssisələrindən söz açan icra başçısı qeyd edib ki, bu müəssisələrin yaradılması həm də yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu, rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Park, Daş Salahlı kəndində “Mətanət A” şirkəti tərəfindən inşa olunan Əhəng zavodu, eləcə də “Saloğlu” mebel fabriki bu sahədə olan inkişafın və görülən məqsədyönlü işlərin əyani sübutudur. Ən əsası isə bütün bu yeni sənaye müəssisələrinin yaradılması əhalinin maddi rifah halının, məşğulluğunun yüksək səviyyədə təmin olunması deməkdir.
İcra başçısı rayonda sahibkarlara yaradılan münbit şəraitdən, onlara olan diqqət və qayğıdan da danışıb. “Sizə hər zaman dəstəyəm”, - deyən rayon rəhbəri sahibkarlarla səmimi söhbət edib, qayğıları ilə maraqlanıb.
Sahibkarlardan Mahir Cəfərov, Məhərrəm Əliyev və başqaları çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daima qayğı göstərildiyini qeyd ediblər. Ölkə başçısının uzaqgörən siyasəti və sahibkarlığın inkişafı ilə bağlı gördüyü işlər nəticəsində ölkə iqtisadiyyatının inkişaf etməsini minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Sahibkarlar üçün yaradılan şəraitə, götərilən qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu gün keçirilən görüşü həmin qayğının daha bir bariz nümunəsi kimi qiymətləndiriblər.

Keçidlər