Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda təhsillə bağlı iclas keçirilib

01 may 2019 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədəki təhsilin  səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Heç kəsə sirr deyil ki, Azərbaycan da təhsillə bağlı siyasəti uğurla həyata keçirən ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Ən əsası da Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Sevindirici hal isə odur ki, bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir.
Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu isə o deməkdir ki, bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanır.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısının qayğısı sayəsində rayonda təhsilin keyfiyyətinin artırılması, müəllim və şagirdlərin yüksək şəraiti olan məktəblərdə elmlə məşğul olmaları üçün hər cür şərait yaradılır. Bu ilin 4 fevralında əsaslı yenidənqurmadan sonra açılışını etdiyimiz S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb bu dediklərimizin əyani sübutudur. Məhz təhsilə ayrılan diqqətin, göstərilən qayğının nəticəsidir ki, rayon məktəbliləri bu sahədə uğurlu nəticələrə imza atırlar. Ötən il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü sırada dayanması təhsilə olan yüksək qayğının göstəricisidir.
Bu gün təqdirəlayiq hallardan biri də odur ki, Qazaxda gənclərimizə yüksək keyfiyyətli elm, bilik vermək üçün hər bir sahə üzrə uğurlu addımlar atılır. 2018-ci ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən işçi qrupunun yaradılması da həmin uğurlu addımlardandır. İşçi qrupunun yaradılmasında isə əsas məqsəd təhsil sahəsini inkişaf etdirmək, şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirmək idi. Eyni zamanda, məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaq məqsədilə yaradılan həmin işçi qrupunun bu gün rayonda təhsil sahəsində qazanılan uğurlarda böyük payı vardır.
Hər zaman yeniliyi ilə seçilən Qazaxda bu gün daha bir ənənənin əsası qoyulub. Belə ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında yuxarı kurslarda təhsil alan və orta məktəblərdə aktiv pedaqoji təcrübə keçən tələbələrin açıq dərslərində rayonun peşəkar ixtisas müəllimlərinin iştirak etmələri qərara alınıb. Bu cür addımın atılmasında isə əsas məqsəd gələcəkdə müəllim adını alacaq gənclərimizə ixtisasları üzrə peşəkar müəllimlərin təcrübələrindən yararlanmalarında dəstək olmaqdır. Həmçinin, gənclərin müəllimlik peşəsi ilə bağlı məsuliyyətlərini artırmaqla yanaşı, həm də özlərinə olan inam hissini artırmaqdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində BDU Qazax filialının riyaziyyat və informatika, tarix və coğrafiya müəllimliyi ixtisasları üzrə təhsil alan V kurs tələbələrinin M.Hüseyn adına humanitar və təbiət fənlər üzrə məktəb-liseydə keçirilən aktiv pedaqoji təcrübələri ilə bağlı iclas keçirilib.
İclasda rayon icra aparatının, Təhsil şöbəsinin, BDU Qazax filialının əməkdaşları, rayonda fəaliyyət göstərən işçi qrupunun üzvləri, şəhər məktəblərinin direktorları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək müstəqillik illərində Azərbaycan təhsilinin yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. İcra başçısı bildirib ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması bir daha onu sübut edir ki, Azərbaycan təhsilində atılan ən uğurlu addımlar ölkəmizdə keyfiyyətli təhsilin tədrisinə yönəldilir. Son 3 ildə Qazaxda təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bunun kökündə dövlətin və dövlət başçısının bölgələrdə təhsil sahəsinə olan diqqət və qayğısının dayandığını qeyd edib. Təhsilə olan qayğının ilbəil artdığını diqqətə çatdırıb.
İşçi qrupunun fəaliyyətindən söz açan icra başçısı bu gün rayonda təhsil sahəsində qazanılan nailiyyətlərdə onların böyük əməyi olduğunu bildirib. Qeyd edib ki, biz ötən ilin oktyabrında işçi qrupunun yaradılması təşəbbüsünü irəli sürəndə qarşıya məqsəd qoyduq ki, təhsilin keyfiyyətini, ən əsası da rayonumuzda qəbulun nəticələrini artıraq. Biz bu istəyimizə nail olduq. Ötən il qəbulun faizinə görə respublika məktəbləri arasında Qazaxın 3-cü yerdə dayanması bunu bir daha təsdiqlədi. Biz bir daha əmin olduq ki, atılan hər bir uğurlu addımın, həyata keçirilən məqsədyönlü işin arxasında təhsilin inkişafı dayanır. Rayon rəhbəri gənc müəllimlərlə bağlı atılan bu addımın da öz müsbət nəticələrini verəcəyini bildirib.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək respublikamızda, eləcə də Qazaxda təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə başda ölkə başçısı İlham Əliyev olmaqla, rayon rəhbərliyinə rəhbərlik etdiyi filialın müəllim və tələbə kollektivi adından minnətdarlığını bildirib. Yuxarı kursda təhsil alan və müəllim adını qazanacaq tələbələrlə bağlı bu cür təşəbbüsün irəli sürülməsini universitetin kollektivinə və gənclərə verilən böyük dəyər kimi qiymətləndirib. Peşəkar müəllimlərin açıq dərslərdə iştirak etmələrini gənc müəllimlər üçün təqdirəlayiq hal hesab edib.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, M.Hüseyn adına humanitar və təbiət fənlər üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, BDU Qazax filialının ixtisas üzrə müəllimi Sevinc Əmiraslanova çıxış edərək bu cür təşəbbüsün irəli sürülməsini yüksək qiymətləndiriblər. Bildiriblər ki, orta məktəblərdə keçirilən aktiv pedaqoji təcrübələr hər bir gənc tələbənin müəllim kimi fəaliyyətə başlamasında böyük əhəmiyyət kəsb edir. Müəllimlik peşəsinin təməlində dayanan əsas məsələlərdən biridir. Odur ki, irəli sürülən bu təşəbbüs peşəkar müəllimlərdən müəllimlik peşəsinin sirlərini öyrənməkdə böyük yardımçı olacaq.

 

Keçidlər