İcra başçısı Qazax rayonlararası ruhi xəstəxanada olub
Bu gün Azərbaycan Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik olan ölkəsi kimi tanınır. Bütün sahələr üzrə ildən-ilə inkişaf edən Azərbaycanda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. Bu sahəyə olan qayğının nəticəsidir ki, bu gün dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Ölkə başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində son 15 ildə ölkədə səhiyyə islahatları uğurla reallaşdırılıb desək lap yerinə düşər. Bu gün təkcə paytaxtda deyil, bölgələrdəki tibb müəssisələrinin də ən müasir avadanlıqla təchiz olunması, müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların tikilməsi, mövcud səhiyyə ocaqlarının əsaslı şəkildə təmir olunması bu sahəyə olan dövlət qayğısından xəbər verir. Qazax rayonu da bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə xüsusi diqqət ayıran rayonlar sırasındadır. Ölkə başçısının bu sahəyə olan diqqəti və qayğısı rayonda ən əsas istiqamət kimi götürülür. Bu gün rayonda sakinlərin sağlamlığının təmin olunması, əhaliyə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Rayonda 145 çarpayılıq, 10 korpusdan ibarət olan mərkəzi xəstəxana binasının tikintisi də bu sahəyə olan qayğının əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də Qazax rayonlararası ruhi xəstəxanada müalicə olunan xəstələrə göstərilən xidmət sahəsidir. Rayon rəhbərinin müalicə olunan həmin xəstələrlə görüşməsi isə artıq bir ənənə halını alıb. Belə ki, rayon rəhbəri ilk gündən bu həssas təbəqədən olan insanlara xüsusi qayğı ilə yanaşır, istər bayram günlərində, istərsə də adi günlərdə həmişə onları yad edir.
İcra başçısı bu gün də rayonlararası ruhi xəstəxanada olub, işçilərin və xəstələrin qayğıları ilə maraqlanıb. Xəstələrə göstərilən xidmətlərlə, ərzaq təminatı ilə tanış olub.
Rayon rəhbərliyi burada çalışan həkim və tibb bacıları ilə görüş keçirərək müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu bildirib. Qeyd edib ki, bu gün rayonumuzda müasir standartlara cavab verən yeni xəstəxana binası tikilir və yaxın vaxtlarda istifadəyə veriləcək. Bununla da dövlətimiz tərəfindən Qazax rayonunda səhiyyənin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün tam şərait yaradılacaq.
İcra başçısı bildirib ki, ötən il ruhi xəstəxanada da təmir işləri həyata keçirildi. Əvvəlki şəraitlə bugünkü vəziyyəti müqayisə edərkən görürük ki, şərait xeyli dərəcədə yaxşılaşıb. Bu il üzrə də nəzərdə tutulan bütün təmir işlərinin yerinə yetiriləcəyini bildirib. Qeyd edib ki, bu gün görülən işlərin nəticəsidir ki, xəstə ilə həkim, həkim ilə xəstə, müalicə olunan xəstələrin yaxınlarının həkimlərə, səhiyyə müəssisələrinə olan münasibəti köklü surətdə dəyişib.
Rayon rəhbəri xəstəxanada müalicə olunan Hüseynbəyli kənd sakini Cavid Süleymanovun müraciətini də dinləyib, onu narahat edən məsələyə diqqətlə baxılacağını bildirib.
Qazax rayonlararası ruhi xəstəxanasının baş həkimi Ramiz Mansurov rayonda inşa olunan və müasir standartlara cavab verən mərkəzi xəstəxana binasına görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, xüsusilə də ruhi xəstəxananın kollektivinə və burada müalicə olunan xəstələrə göstərdiyi qayğıya görə icra başçısına sonsuz təşəkkürlərini çatdırıb. Qeyd edib ki, sizin hər dəfə bura gəlməyiniz, xəstələrə baş çəkməyiniz böyük məsuliyyət hissi ilə yanaşı, istər həkimlərdə, istərsə də xəstələrdə dövlətə və dövlət başçısına böyük inam hissi yaradır. Sizin sayənizdə bütün xəstələr əsl qayğını hiss edirlər.
Rayon mərkəzi xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə bütün tibb işçiləri adından ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində rayonumuzda səhiyyənin inkişaf etdiyini bildirən baş həkim qeyd edib ki, illərdən bəri diqqətdən kənarda qalmış ruhi xəstəxanada bu gün normal şərait yaradılıb. Yaradılan yüksək şəraitə, sonsuz diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini ifadə edib.