Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tütün əkini və barama ilə bağlı iclas keçirilib

03 may 2019 | 16:00

Azərbaycanın sürətli iqtisadi inkişafında neft sektorunun aparıcı rolu olsa da son illər qeyri-neft sektoru da ümumi iqtisadi artımda önə çıxmaqdadır. Ölkə iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatının inkişaf etdirilməsi həm də yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Ölkə başçısı İlham Əliyevin müvafiq fərman və sərəncamları, verdiyi tapşırıq və tövsiyələr məhz ölkədə kənd təsərrüfatının inkişafına, əhalinin məşğulluğunun təmin olunmasına yönəldilib. Son illər ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində uğurlu göstəricilər əldə olunub. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq kənd təsərrüfatını inkişaf etdirən, xüsusilə də əkin sahəsinin hektarını artıran rayonlardan biri də Qazax rayonudur. Tam əminliklə deyə bilərik ki, rayonda kənd təsərrüfatının bütün sahələri ildən-ilə uğurla inkişaf edir. Taxılçılıq, kartofçuluq, tütünçülük, baramaçılıq, eləcə də digər sahələr üzrə əldə olunan göstəricilər bunu söyləməyə əsas verir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində tütünçülüyün və baramaçılığın mövcud vəziyyəti ilə bağlı iclas keçirilib. Rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda tütün əkini və barama saxlanılması üçün yaradılan şərait, görülən hazırlıq işləri müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində kənd təsərrüfatı sahəsində ölkəmizdə əldə olunan uğur və nailiyyətlərdən danışıb. İcra başçısı qeyd edib ki, bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonu da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir.
Son 3 ildə rayonda kənd təsərrüfatının bütün sahələri, o cümlədən də tütünçülüyün və baramaçılığın inkişaf etdiyini diqqətə çatdıran rayon rəhbəri bu il də yüksək nəticələrin əldə olunacağını bildirib. İcra başçısı qeyd olunan sahələr üzrə qarşıya qoyulan məqsədə çatmaq üçün lazımi işlərin görülməsinin vacibliyini vurğulayıb.
Ölkəmizdə baramaçılığın inkişafı istiqamətində görülən işlərdən söz açan icra başçısı "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamını bu sahənin inkişaf etdirilməsi istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib.
Rayon rəhbəri bildirib ki, dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur. Bu il artıq 4 il olacaq ki, rayonda barama yetişdiriləcək. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. Ötən il isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi  nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu il isə 8 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulub.
İcra başçısı son illər tütünçülüyün inkişafı istiqamətində görülən işlərdən də söz açıb. Qeyd edib ki, kənd təsərrüfatının böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən biri də tütünçülük sahəsidir. İşçi qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə ölkədə yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət daşıyır. İqtisadi əhəmiyyətinə görə ikinci texniki bitki hesab olunan tütünçülüyün inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi ölkədə bu sahədə böyük hədəflərin müəyyən olunmasına gətirib çıxarmışdır.
Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış 10 avqust 2017-ci il tarixli sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımından böyük əhəmiyyət kəsb edir. 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırıldı. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Builki mövsümdə isə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Artıq 5 hektarda tütün şitili əkilib və əkin işləri davam etdirilir.
İclasda qeyd olunub ki, hər il olduğu kimi, bu il də yüksək məhsuldarlıq əldə etmək üçün xüsusi hazırlıq işləri aparılıb. Belə ki, istər tütün əkini aparılacaq, istərsə də barama saxlanılacaq yerlər əvvəlcədən hazırlanıb.
Rayon rəhbəri tütün əkininin optial müddətdə başa çatdırılması, baramaqurdunun saxlanılması üçün lazımi şəraitin yaradılması, yem təminatı və s. məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Keçidlər