BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi keçirilib
Qazaxda dahi Azərbaycan yazıçısı İsmayıl Şıxlının yubileyinin keçirilməsi davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfransda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Xalq yazıçısının övladları, Ayna.az saytının və Ayna tv-nin təsisçisi Elçin Şıxlı, rəssam, jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin məsul katibi Fərrux Şıxlı, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filialın direktoru, dosent Arif Rüstəmov və müəllim-tələbə kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması məqsədilə rayon rəhbərinin müvafiq sərəncamına əsasən yaradılmış işçi qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, KİV nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə filialın foyesində Xalq yazıçısının həyat və yaradıcılığını özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.
Sonra qonaqlara və konfrans iştirakçılarına Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim olunub.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qonaqları və konfrans iştirakçılarını salamlayıb, ən xoş ürək sözlərini çatdırıb. Azərbaycan ədəbiyyatında misilsiz xidmətləri olan Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 28 yanvar 2019-cu il tarixli sərəncamı qazaxlı ziyalılara, xüsusilə də ədəbiyyat sahəsində olan insanlara verilən ən böyük dəyər kimi qiymətləndirib. Bu tarixi əhəmiyyətli sərəncamın imzalanmasına görə rayon ziyalıları, eləcə də konfrans iştirakçıları adından minnətdarlığını çatdırıb. Azərbaycan mədəniyyətinin dünya çapında tanınmasında, təbliğ olunmasında misilsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək bildirib ki, ölkə başçısı İlham Əliyevin İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verməsi, Xalq yazıçısının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam bu gün bütün qazaxlılar tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılanır. Azərbaycan təhsilinin inkişafında xüsusi yeri olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci il tarixli sərəncamdan sonra Xalq yazıçısının 100 illik yubileyi ilə əlaqədar növbəti dəyərli sərəncamın imzalanmasına görə Respublika Prezidenti İlham Əliyevə bütün rayon ictimaiyyəti və ziyalılar adından bir daha öz dərin minnətdarlığını çatdırıb.
Rayon rəhbəri yubileylə bağlı həyata keçirilən tədbirlərin silsiləli şəkildə davam etdiyini bildirərək görülməsi nəzərdə tutulan işlərdən də danışıb. Xalq yazıçısı haqqında film çəkilməsini, rəsm və məqalə müsabiqələrinin keçirilməsini, görkəmli şəxsiyyətin adını daşıyan Kosalar kənd tam orta məktəbin qarşısında büstünün qoyulmasını, eləcə də digər tədbirlərin həyata keçirilməsini bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi kimi dəyərləndirib.
Sonra Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığını, əsərlərini özündə əks etdirən slayd nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal "Ədəbiyyatın və əbədiyyətin İsmayıl Şıxlı zirvəsi” adlı məruzə ilə çıxış edərək görkəmli şəxsiyyətin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açıb. Xalq yazıçısı ilə bağlı xatirələrindən danışıb.
Filologiya elmləri doktoru, professor Rüstəm Kamal "İsmayil Şıxlı nəsrinin poetikası” mövzusunda çıxış edərək əsərlərində, xüsusilə də "Dəli Kür” romanında olan obrazların ətraflı şəkildə izahını verərək konfrans iştirakçılarına yazıçının nə demək istədiklərini çatdırıb.
Filialın dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova "İsmayıl Şıxlının elmi-pedaqoji fəaliyyəti”, kafedranın müəllimi Türkan Məmmədova "İsmayıl Şıxlının "Öləm dünyam” əsərində mənəviyyat məsələləri”, AYB-nin üzvü, şair Mustafa Rasimoğlu və digər çıxış edənlər Xalq yazıçısının əsərlərini, eləcə də əsərlərdəki obrazları əhatəli şəkildə izah edərək ədəbiyyatımıza bəxş etdiyi saysız-hesabsız töhfələrdən danışıblar.
Xalq yazıçısının oğlu Elçin Şıxlı çıxış edərək atasının 100 illik yubiley tədbirinin belə yüksək səviyyədə keçirilməsi üçün imzaladığı sərəncama görə ölkə prezidenti İlham Əliyevə ailəsi adından minnətdarlığını çatdırıb. Atasının doğulduğu doğma Qazax yurdunda yubiley tədbirinə xüsusi hazırlıq işlərinin aparılmasına, belə yüksək səviyyəli tədbirlərin, konfrasın keçirilməsinə görə rayon rəhbərliyinə, BDU Qazax filialının kollektivinə təşəkkürlərini çatdırıb.
Vəli Vəliyev
“Respublika”
02.05.2019