Qazaxda mərkəzi xəstəxananın tikintisi sürətlə davam etdirilir
Bu gün sevindirici haldır ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlar respublikamızın bütün bölgələrini əhatə edir. Bunu Qazax rayonunun timsalında da aydın şəkildə görmək olur. 2,6 hektar sahədə inşa olunan və 145 çarpayıdan ibarət olan səhiyyə ocağında rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yaradılan şərait bunun əyani sübutudur. 10 korpusdan ibarət olacaq mərkəzi xəstəxananın 5 korpusu tam hazırdır. Bundan əlavə, 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib.
Hazırda isə ötən il özül hissələri tökülmüş qalan 5 korpusun - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi sürətlə davam etdirilir. Yaxın günlərdə yoluxucu xəstəliklər şöbəsinin tikintisinə başlanılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərkəzi xəstəxanada aparılan tikinti işləri ilə tanış olub. İşlərin keyfiyyətlə aparılmasını qeyd edərək tapşırıq və tövsiyələrini verib.