Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbin müəllim-şagird kollektivi Qazaxda olublar
Respublika Prezidenti İlham Əliyevin Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 28 yanvar 2019-cu il tarixli sərəncamının icrası ilə bağlı respublikamızın bütün bölgələrində silsilə tədbirlər keçirilir. Görkəmli şəxsiyyətin yubiley tədbirinə öz töhfəsini verən rayonlardan biri də Göygöl rayonudur. Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar Göygöl rayon Elzam Bayramov adına Topalhəsənli kənd tam orta məktəbin V-XI sinif şagirdləri və müəllimləri məktəb tərəfindən hazırlanmış tədbirlər planına əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda qonaq olublar.
Qonaqları Ədəbiyyat Muzeyinin qarşısında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və aparatın məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, ziyalılar qarşılayıblar.
Birinci müavin Məmməd Alıyev çıxış edərək qonaqları rayon rəhbərliyinin adından salamlayıb, bu cür təşəbbüsün həyata keçirilməsinə görə səmimi ürək sözlərini çatdırıb. Azərbaycan ədəbiyyatına saysız-hesabsız görkəmli şəxsiyyətlər, yazıçılar, şairlər bəxş etmiş Qazax torpağında olmalarını, Xalq yazıçısına verdikləri dəyəri yüksək qiymətləndirdiyini bildirib. M.Alıyev son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın bütün bölgələrinin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etdiyini, bütün sahələr üzrə uğurlu göstəricilərin əldə olunduğunu bildirib. Qeyd edib ki, bu gün biz qazaxlılar ölkə Prezidenti İlham Əliyevin Azərbaycan təhsilində müstəsna xidmətləri olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci il tarixli sərəncamından sonra daha bir sərəncamın sevincini yaşayırıq. Bu ilin 28 yanvarında imzalanmış həmin sərəncam nəinki ədəbiyyatımıza, eləcə də bütün Qazax ziyalılarına verilən böyük dəyərdir. Bəli, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən 28 yanvar 2019-cu il tarixli sərəncamın imzalanması hər bir qazaxlının ürəyincədir. Bu sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayan qazaxlılar, eləcə də bütün ictimaiyyət nümayəndələri bir daha şahidi oldular ki, ölkə başçısı, dövlətimiz öz ziyalısına, görkəmli şəxsiyyətlərinə həmişə yüksək dəyər verir.
Birinci müavin vurğulayıb ki, bu gün həmin ali sərəncama əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinə xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli sərəncamın imzalanması, həmin sərəncamla rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradılması bu dediklərimizin əyani sübutudur. Həmçinin, yubiley tədbirinin yüksək səviyyədə təşkili ilə bağlı dəfələrlə rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirələrin keçirilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
M.Alıyev çıxışının sonunda İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncama görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Bu gün İsmayıl Şıxlı şəxsiyyətinə böyük qiymət verərək Qazax rayonuna gəldikləri üçün bir daha Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin müəllim-şagird kollektivinə təşəkkürlərini bildirib.
Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin direktoru Yeganə İsgəndərova çıxış edərək Göygöl Rayon İcra Hakimiyyəti başçısının, rayon Təhsil şöbəsinin rəhbərliyi və kollektivi adından salamlarını çatdırıb, bu cür yüksək səviyyədə qarşılanmaya görə minnətdarlığını bildirib. Bu gün bir çox ədiblərin, yazıçıların yurdu olan Qazaxda olmaqdan məmnunluğunu ifadə edib. Qeyd edib ki, Qazax o torpaqdır ki, Əliağa Şıxlinski, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Səməd Vurğun və onlarca belə dahi şəxsiyyətlər yetirib. Bu gün biz özümüzə borc bildik ki, görkəmli ədibin doğulduğu Qazaxda olaq, onun həyat və yaradıcılığına bir daha nəzər salaq, ən əsası da yaxınlarının, doğmalarının xatirələrini dinləyək. Kişiliyin kitabını yazmış insanın ruhu, mənəviyyatı qarşısında hər zaman baş əydiyimizi bir daha nümayiş etdirək. Ölkə rəhbərimizin Xalq yazıçısının 100 illik yubileyi ilə bağlı sərəncamına biz Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin kollektivi də öz töhfəmizi verək. Məktəblilərimizi, böyüməkdə olan gənc nəsili bu cür şəxsiyyətlərimizin doğulub boya-başa çatdıqları ata yurdları ilə tanış edək.
Sonra məktəblilər Fəxri qazaxlılar parkında olub, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının büstünü ziyarət ediblər. Bundan əlavə, burada qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun və ətraflı məlumatlar verilib.
Qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını da ziyarət ediblər. Memorial önünə gül dəstəsi qoyub, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidlərimizin şəkli əks olunmuş lövhə önündən keçən məktəblilərə bildirilib ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə "20 Yanvar" hadisələrindən sonra "20 Yanvar" şəhidlərinin xatirəsinə tikilib. 2011-ci ildə yeni layihəyə uyğun olaraq "Şəhidlər xiyabanı" abidə kompleksində yenidənqurma işlərinə başlanılıb və 19 yanvar 2012-ci il tarixdə istifadəyə verilib. 2017-ci ildə xiyabanda yenidən əsaslı təmir işləri aparılıb, şəhidlərin adı və şəkli əks olunmuş lövhələr vurulub. Qeyd olunub ki, bu gün Qazax rayonunun 283 nəfər şəhidi, 7 nəfər Milli Qəhrəmanı var.
Rayonumuzda qonaq olan məktəblilər ölkə Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli sərəncamı ilə 100 illiyini qeyd etdiyimiz Qazax müəllimlər seminariyasında da olublar. Qonaqlara seminariya haqqında ətraflı məlumat verilərək bildirilib ki, 1918-ci ildə Gürcüstandan Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülüb və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyükxidmətləri olmuşdur. F.Köçərlinin xanımı Badisəba xanım Vəkilova Qazaxa gəlir, el-obasına baş çəkir və vəziyyəti danışır. Problemdən xəbər tutan Kosalar kəndinin sakini Məşədi İbrahim qərara alır ki, 1910-cu ildə qırmızı kərpicdən tikilmiş öz ikimərtəbəli 17 otaqdan ibarət mülkünü təmənnasız olaraq seminariyaya versin. Beləcə, Qazax müəllimlər seminariyası bu binada yerləşir və fəaliyyətə başlayır. Seminariyada 1959-cu ilədək 3000-ə qədər kadr yetişdirilir. Həmin il seminariya fəaliyyətini dayandırır. Qeyd olunub ki, 100 yaşlı Qazax müəllimlər seminariyası Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev və başqa yüzlərlə dahi şəxsiyyətlər yetirib.
Rayonumuzda qonaq olan Göygöl məktəbliləri Xalq yazıçısının adını daşıyan İsmayıl Şıxlı parkında da olublar. Böyük ədibin heykəlini ziyarət edərək önünə gül dəstələri düzüblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal qeyd edib ki, abidənin və parkın inşasına 2006-cı ildə başlanılmışdır. 1,2 hektar sahəni əhatə edən parkda görkəmli ədibin qranit postament üzərində 4,2 metr hündürlüyündə heykəli qoyulub. Qazax şəhərinin mərkəzində yerləşən və Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan bu park Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2007-ci ilin 30 mayında istifadəyə verilib.
Daha sonra tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyində Xalq yazıçısının yaxınlarının, doğmalarının, rayon ziyalılarının və rayonumuzda qonaq olan məktəblilərin iştirakı ilə görüş keçirilib.
Şair Barat Vüsal əvvəlcə şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzey haqqında ətraflı məlumat verərək qeyd edib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.
Sonra Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığına bir daha nəzər salınıb. Azərbaycan ədəbiyyatına bəxş etdiyi saysız-hesabsız əsərlərindən, romanlarından, oçerklərindən, hekayələrindən söhbət açılıb. Görkəmli ədibin yetirmələrinin xatirələri dinlənilib.
Xalq yazıçısının tələbələrindən – Qazax RİHB-nin Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev, Qarapapaq kənd ümumi orta məktəbin direktor əvəzi Şəhla Bayramova, görkəmli şəxsiyyətin bacısı oğlu Sabit Məmmədov çıxış edərək İsmayıl Şıxlı ilə bağlı xatirələrindən söz açıblar. Onun böyük ədib, pedaqoq olmaqla yanaşı, necə böyük bir şəxsiyyət olmasını diqqətə çatdırıblar.
Xalq yazıçısının adını daşıyan məktəbin direktoru Samir Hüseynov çıxış edərək bu gün onun adını daşıyan bir məktəbdə çalışdığı üçün özünü şanslı hesab etdiyini bildirib. İsmayıl Şıxlı adını hər zaman uca tutmağa çalışdıqlarını qeyd edib. 30 ilə yaxın bir müddətdə məktəbə İsmayıl Şıxlının bacısı oğlu Taleh Məmmədovun rəhbərlik etdiyini diqqətə çatdırıb. Bu gün də İsmayıl Şıxlı məktəbinin, ənənələrinin yaşadıldığını, gələcək nəsillərə ötürüldüyünü vurğulayıb. Bu görüşün iki məktəb arasında dostluq körpüsü olacağını və belə görüşlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elminaz Cəfərova çıxış edərək Xalq yazıçısı haqqında səmimi ürək sözlərini çatdırıb. Dahi şəxsiyyətlər yurdu olan Qazaxda olmaqdan, İsmayıl Şıxlının timsalında böyük insanların xatirələrini yad etməkdən məmnun olduğunu bildirib.
Görüşdə Xalq yazıçısının adını daşıyan Kosalar kənd tam orta məktəbin şagirdləri məktəbin fransız dili müəllimi (İsmayıl Şıxlının bacısı nəvəsi) Həbibə Mustafayevanın rəhbərliyi ilə İsmayıl Şıxlının "Məni itirməyin” hekayəsi Azərbaycan və fransız dillərində səhnələşdirilib. Ədibin əsərlərinin hər birinin həyat məktəbi olması diqqətə çatdırılıb.
Sonra Kosalar kənd tam orta məktəbin kollektivi adından rayonumuzda qonaq olan məktəbin kollektivinə xatirə hədiyyəsi təqdim olunub. Onlar da öz növbəsində hədiyyə təqdim ediblər. Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin X sinif şagirdi Gözəl Hüseynzadənin əl işi olan İsmayıl Şıxlının rəsmləri Ədəbiyyat Muzeyinə və Xalq yazıçısının yaxınlarına hədiyyə olunub.
Görüş başa çatdıqdan sonra qonaqlar dahi Xalq şairi Səməd Vurğunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun Poeziya Evində olublar. Baxış zamanı məktəblilərə məlumat verilib ki, ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur "Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Azərbaycan Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunmuşdur. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə etmişdir. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Məktəblilərə məlumat verilib ki, ötən il də rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.
Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin direktoru Yeganə İsgəndərova çıxış edərək bu cür yüksək səviyyədə qarşılanmaya və səmimi münasibətə görə bir daha rayon rəhbərliyinə minnətdarlığını bildirib.