İcra başçısı kəndlərdə barama qurdunun saxlanma şəraiti ilə tanış olub
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. İldən-ilə əkin sahəsinin hektarı artırılan Qazax rayonunda kənd təsərrüfatının demək olar ki, bütün sahələri - taxılçılıq, kartofçuluq, tütünçülük, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.
Respublika Prezidentinin "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq son 3 ildə rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrə əsasən bu il artıq dördüncü il olacaq ki, rayonda barama yetişdiriləcək. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. Ötən il isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində yerləşən "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu il isə 8 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə rayonun Yuxarı Salahlı, Daş Salahlı və Xanlıqlar kəndlərində olub, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə maraqlanıb.
Rayon rəhbərliyi əvvəlcə Yuxarı Salahlı kəndində ipəkqurdunun saxlanma şəraiti ilə tanış olublar. Burada barama yetişdirən Günaya Ocaqquluyeva bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Sonra Daş Salahlı kəndində barama saxlanılacaq yerlərə baxılıb və ipəkqurdunun mövcud vəziyyəti öyrənilib. Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.
Daha sonra rayon rəhbəri və administrasiya nümayəndəsi kənddə yaşayan sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Rayon rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri son illər ölkəmizdə, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonun digər kəndləri kimi Daş Salahlı kəndinin də gündən-günə inkişaf etdiyini qeyd ediblər. 10 mindən çox əhalisi olan Daş Salahlı kəndində yeni asalt yolun çəkilməsini vətəndaşlara göstərilən qayğının əyani təzahürü kimi qiymətləndirdiklərini söyləyiblər. Bu gün rayonda bütün sahələrin inkişaf etdiyini və bu inkişafın Daş Salahlı kəndindən də yan keçmədiyini vurğulayıblar. Kənddə içməli su məsələsinin olduğunu bildirən sakinlər dövlətin və dövlət başçısının, eləcə də rayon rəhbərliyinin qayğısı sayəsində bu məsələnin də öz müsbət həllini tapacağını qeyd ediblər.
Xanlıqlar kəndində ipəkqurdunun saxlanma şəraiti ilə tanış olan rayon rəhbərliyinə yüksək məhsul əldə etmək üçün bütün lazımi tədbirlərin görüldüyünü bildiriblər.
Hər üç kənddə mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.