Dəyirmi masa keçirilmişdir
Qazax rayon İcra Hakimiyyətinin və Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilat nümayəndələri, KİV nümayəndələri iştirak etmişdir.
Qazax rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov tədbiri giriş sözü ilə açaraq hər bir işəgötürənin məşğulluq sahəsində vətəndaşların hüquqlarının həyata keçirilməsinin təminatçısı, iqtisadi fəal əhali və məşğul əhalinin ölkənin gücü və qüdrəti olmasını bildirmişdir. Qeyd etmişdir ki, rayon Məşğulluq Mərkəzi olaraq bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi də vətəndaşların məşğulluğunun təmin olunmasına və əmək hüquqlarının düzgün həyata keçirilməsinə kömək etməkdir.
Məşğulluq Mərkəzinin baş məsləhətçisi Xalidə Hacıyeva geniş çıxış edərək məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı barədə Qanunun tələblərini tədbir iştirakçılarına izah etmişdir.
Mərkəzin baş məsləhətçi-mühasibi Aqil Əmrahov çıxış edərək Məşğulluq Mərkəzinə təqdim olunan formalar haqqında ətraflı danışmış, hər bir idarə, müəssisə və təşkilat tərəfindən boş iş yeri yarandığı halda mərkəzə məlumat verilməsinin vacibliyini, əks halda isə həmin təşkilatlara qarşı müvafiq cərimələrin tətbiq ediləcəyini bildirmişdir. Sonra Rayon İcra Hakimiyyətinin məsul işçisi Fariz Vəliyev çıxış edərək rayonda aparılan tikinti-quruculuq və abadılıq işlərindən danışmış, Məşğulluq Mərkəzi tərəfindən keçirilən bu cür tədbirlərin əhəmiyyətinin böyük olduğunu qeyd etmişdir. Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov tədbirə yekun vuraraq belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyini bildirmişdir.