Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Gül Bayramı keçirilmişdir

07 may 2015 | 15:00

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissi ilə qarşılayır. Bu da təsadüfi deyildir. Məhz bu ayda müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram  edilir.
     Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir. Həmin tədbirlər içərisində Gül Bayramı hər bir vətəndaşın qəlbində xoş ovqat  yaradır, xalqının  bu günü naminə  həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır. Ulu Öndərin adını daşıyan parkda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin  başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan və foto şəkillərdən ibarət sərgiyə baxdılar. Bayram gəzintisi əmək kollektivləri, rayon sakinləri, ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələri tərəfindən təşkil olunmuş sərgilərə baxışla davam etdi. Tədbir iştirakçıları əl işlərindən ibarət  rəngarəng  sərginin eksponatları ilə maraqla tanış olurdular. Parkda Ulu Öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz  oxşayan gül kompozisiyaları xüsusilə diqqəti cəlb edirdi.
     Birinci Avropa Oyunlarının rəsmi simvolları – Ceyran və Nar da eksponatlar arasında öz layiqli yerini tutmuşdur. Ulu Öndərin şəxsiyyətini vəsf edən şerlər bayram tədbirinə xüsusi məna və dəyər verirdi.
     Bayram tədbiri “Sən elə bir zirvəsən” musiqi kompozisiyası, müxtəlif muğam, xalq mahnıları və mili rəqslərlə müşaiyət olunurdu.
     Bayram tədbirində Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov Ulu Öndərin ömür yoluna nəzər salaraq söylədi ki, müasir, müstəqil, sürətlə inkişaf edən, çiçəklənən Azərbaycan Ümummilli  Lider Heydər Əliyevin şah əsəridir. Bu gün Azərbaycanın sosial- iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması  onu göstərir ki, ölkəmiz dahi şəxsiyyətin arzuladığı kimi uğurla inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası Qazax rayonunun da ildən ilə çiçəklənməsinə, əhalisinin maddi rifah halının getdikcə daha da yüksəlməsinə xidmət göstərir.
     Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın ildən ilə artan uğurlarının beynəlxalq səviyyədə tanınmasının və qəbul olunmasının növbəti dəfə təsdiqidir.
     Biz hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı, yaradıcısı olan  Heydər Əliyevin  irsinə  daim sədaqətliyik və bundan sonra da belə olacaqdır.  Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyətləri həmişə yaşayacaqdır.
     Gül bayarmında nümayiş etidirilən minlərlə gül, kompozisiya və əl işləri  Rayon İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən yüksək qiymətləndirilmiş, qaliblərə qiymətli hədiyyələr verilmişdir.
     Tədbir bayram konseri ilə davam etdirilmiş, ümumxalq gəzintisi və atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər