Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib
Bu gün Qazaxda Respublika Prezidenti İlham Əliyevin İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında 28 yanvar 2019-cu il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində növbəti tədbir təşkil olunub. Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə ədəbi-bədii gecə keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən görkəmli ədibin yubileyi ilə əlaqədar tərtib edilmiş Tədbirlər Planına əsasən Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, AYB Qazax zona filialının üzvləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, Xalq yazıçısının yaxınları, görkəmli şəxsiyyətin 100 illiyi ilə bağlı yaradılmış işçi qrupunun üzvləri, gənclər, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı imzaladığı bu Sərəncamla bir daha göstərdi ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin ədəbiyyat sahəsinə, şairlərimizə, yazıçılarımıza olan diqqət və qayğısı bu gün də yaşadılır. Onun bu sahədə qoyduğu adət-ənənələr uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli, mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində gördüyü işlərdən danışan rayon rəhbəri onun bu xidmətlərinin xalqımız tərəfindən böyük minnətdarlıq və rəğbət hissi ilə qarşılandığını bildirib.
İcra başçısı vurğulayıb ki, fəaliyyətə başladığım ilk gündən keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıram. Çünki biz keçirilən həmin tədbirlərlə həm də Qazaxı təqdim etmiş oluruq. Odur ki, hər bir tədbir öz əhəmiyyətinə görə böyük məna daşıyır. Bu gün biz fəxr etməliyik ki, ulu öndərin qiymət verdiyi, ölkə rəhbərinin yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var və bu şansı bizlərə ölkə başçısı öz Sərəncamı ilə bəxş edib. Biz də var qüvvəmizlə çalışmalıyıq ki, İsmayıl Şıxlı şəxsiyyətini olduğu kimi təqdim edə bilək. Ən əsası bizlər də çalışmalıyıq ki, ölkə başçısının qazaxlılara, Qazax ziyalılarına verdiyi dəyəri yubiley tədbirini yüksək səviyyədə keçirməklə qiymətləndirək.
Ölkə başçısının 100 illik yubileylə bağlı imzaladığı Sərəncama əsasən keçirilən silsilə tədbirlərdən söz açan icra başçısı Qazaxda yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün rayonun ziyalılarından ibarət işçi qrupunun yaradıldığını, xüsusi Tədbirlər Planının hazırlandığını qeyd edib. İcra başçısı həmin Tədbirlər Planına uyğun olaraq görülən və eləcə də həyata keçirilməsi nəzərdə tutulan işlərdən də danışıb. Silsilə tədbirlərin keçirildiyini, xatirəsinə İkinci Şıxlı kəndi ərazisində bağ salındığını və s. işləri vurğulayıb. O, Xalq yazıçısının 100 illiyinə həsr olunmuş və onun haqqında toplanmış xatirələrdən ibarət kitabın nəşr olunacağını, görkəmli ədibin adını daşıyan Kosalar kənd tam orta məktəbin qarşısında büstünün qoylacağını, eləcə də bir sıra işlərin görüləcəyini diqqətə çatdırıb.
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Xalq yazıçısının həyat və yaradıcılığından danışıb. Ədibin əsərlərinin əhəmiyyətini vurğulayıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirib. Qeyd edib ki, ölkə başçısı bu Sərəncamı imzalamaqla bir daha nümayiş etdirdi ki, Azərbaycan ədəbiyyatı, ədibləri, yazarları hər zaman ən yüksəkdə dayanıb. Ölkə Prezidentinin İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam təkcə İsmayıl Şıxlı yaradıcılığına verilən qiymət deyil, eyni zamanda, bu, ədəbiyyatımıza verilən ən böyük dəyərdir. Xüsusilə də qazaxlı ziyalılara olan diqqətin əyani sübutudur. B.Vüsal zona filialı olaraq yubileylə bağlı gördükləri işlərdən danışaraq bugünkü ədəbi-bədii gecənin də həmin tədbirlərin davamı olduğunu bildirib.
Sonra tədbirin bədii hissəsi şəhər 2 saylı Musiqi Məktəbinin şagirdi Sarif Vəliyevin “Ana Kür” mahnısı ilə başlayıb. Məktəblinin ifasını alqışlarla qarşılayan tədbir iştirakçıları İsmayıl Şıxlı əsərinin möhtəşəmliyi ilə bir daha tanış olublar.
Tədbirdə AYB Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu çıxış edərək Xalq yazıçısı ilə bağlı xatirələrindən danışaraq İsmayıl Şıxlıya həsr olunmuş şeir səsləndirib.
Daha sonra söz məktəblilərə verilib. İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında Barat Vüsalın “İsmayıl Şıxlını mən hardan alım” şeiri səslənib. İsmayıl Şıxlının “Namərd gülləsi” və “Sapı özümüzdən olan baltalar” hekayələri Azərbaycan və rus dillərində səhnələşdirilib.
Bakı Dövlət Universitetinin tələbəsi Qənirə Musayevanın səsləndirdiyi Müzəffər Şükürün “İsmayıl Şıxlı dastanı” şeiri də tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin şagirdləri Xalq yazıçısının “Məni itirməyin” hekayəsini fransız, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri isə ingilis dillərində səhnələşdiriblər. Hər iki məktəbin şagirdlərinin ifasında təqdim olunan səhnəciklərdə İsmayıl Şıxlı əsərlərinin böyüklüyü, üstünlüyü bir daha nümayiş olunub. Gənc aşıq Şahin Süleymanovun şair Eldar Nəsiblinin İsmayıl Şıxlıya həsr etdiyi şeiri saz havası üstə təqdim etməsi isə tədbirə daha bir xoş ovqat qatıb və alqışlarla qarşılanıb.
Ədəbi-bədii gecədə İsmayıl Şıxlı yaradıcılığının şah əsəri olan “Dəli Kür” romanı əsasında çəkilmiş “Dəli Kür” filmindən də bir parça nümayiş etdirilib. Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrinin və Kosalar kənd tam orta məktəbin şagirdlərinin ifasında təqdim olunan səhnəciklər də tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qazax Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Hacı Hacıyevin Nəriman Həsənzadənin “Öldü deməyin ona” şeirini səsləndirməsi alıqşlarla qarşılanmaqla yanaşı, bir daha onu göstərib ki, doğrudan da İsmayıl Şıxlı daim qəlblərdə yaşayır, bundan sonra da yaşayacaqdır. Onun əsərləri illər ötsə belə oxucular tərəfindən yenə də eyni sevgi ilə oxunacaqdır.
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə təşkil olunmuş tədbir şəhər 1 saylı Musiqi Məktəbinin xor kollektivinin ifasında səslənən “Yaşa Azərbaycan” mahnısı və alqış sədaları altında başa çatıb.