Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının əsərlərindən parçalar ingilis, rus, fransız və alman dillərində təqdim olunub

23 may 2019 | 16:00

Bu gün Qazaxda Respublika Prezidenti İlham Əliyevin Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında 28 yanvar 2019-cu il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində növbəti tədbir təşkil olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli Sərəncama əsasən hazırlanmış Tədbirlər Planında yer alan daha bir tədbir həyata keçirilib.
Tədbirlər Planına uyğun olaraq Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax, Tovuz və Ağstafa rayonlarında çalışan xarici (ingilis, rus, fransız, alman) dili müəllimlərinin Xalq yazıçısı İsmayıl Şıxlı haqqında hazırladıqları məqalələr və görkəmli ədibin əsərlərindən parçalar təqdim olunub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, xarici dil müəllimləri, məktəblilər iştirak ediblər.
İ.Qayıbov adına şəhər 3 saylı tam orta  məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədova çıxış edərək keçirilən müsabiqə barədə ətraflı məlumat verib. Bildirib ki, rayon rəhbərinin müvafiq Sərəncamına əsasən hazırlanmış Tədbirlər Planında öz əksini tapan müsabiqənin təşkil olunmasında əsas məqsəd Xalq yazıçısı İsmayıl Şıxlını, onun yaradıcılığını, əsərlərini geniş oxucu kütləsinə Azərbaycan dili ilə yanaşı xarici dillərdə də təqdim etməkdir. Müsabiqənin mövzuları barədə məlumat verərək bildirib ki, buraya yazıçının həyat və yaradıcılığını əks etdirən ən yaxşı esse müsabiqəsi, yazmış olduğu əsərlərdə frazeoloji birləşmələr və onların xarici dildə ekvivalenti, yazıçı haqqında müxtəlif (rus, ingilis, fransız, alman) dillərdə prezentasiyaların hazırlanması, kiçik həcmli hekayə və yaxud əsərlərindən bir hissənin səhnələşdirilməsi daxildir. Müsabiqənin yekunlaşmaq üzrə olduğunu qeyd edən T.Xasməmmədova növbəti ayda qaliblərin müəyyən olunacağını bildirib və bu yolda müəllimlərə uğurlar arzulayıb.
Sonra Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığını, əsərlərini ingilis dilində özündə əks etdirən “Əbədi ömür” adlı slayd nümayiş etdirilib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb. Görkəmli ədibin yubileyi ilə bağlı hazırlanmış Tədbirlər Planında bütün sahələrin əhatə olunduğunu bildirib. Bu gün həmin Tədbirlər Planına əsasən keçirilən bilik yarışının artıq başa çatdığını və qaliblərin müəyyən olunduğunu qeyd edib. Görkəmli şəxsiyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin bu ilin sonuna kimi davam edəcəyini diqqətə çatdırıb. Müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı ürək sözlərini çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin Xalq yazıçısının 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamın təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, eyni zamanda ədəbiyyatımıza verilən ən böyük dəyər olduğunu qeyd edib. Bu Sərəncamı hər bir qazaxlının böyük rəğbət və minnətdarlıq hissi ilə qarşıladığını bildirib. G.Quluyeva ölkə baçısının imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin görkəmli ədibin doğulduğu Qazax elində də uğurla icra edildiyini vurğulayıb. Bunun üçün rayon rəhbəri tərəfindən yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı Sərəncam imzalandığını və həmin Sərəncama əsasən Tədbirlər Planı hazırlandığını diqqətə çatdırıb. Xalq yazıçısının adına doğulduğu İkinci Şıxlı kəndində bağın salınmasını, konfransın keçirilməsini, məqalə və rəsm müsabiqələrinin, bilik yarışlarının təşkil olunmasını həmin Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin bariz nümunəsi kimi qiymətləndirib. Bundan əlavə, Xalq yazıçısının adını daşıyan Kosalar kənd tam orta məktəbində büstünün qoyulmasını, görkəmli şəxsiyyətlərin İsmayıl Şıxlı ilə bağlı dəyərli fikirlərinin yer aldığı xatirələr kitabının çap olunmasının, şəhərdə yerləşən küçələrdən birinə Xalq yazıçısının adının verilməsinin və s. tədbirlərin gələcəkdə görülməsi nəzərdə tutulan işlər sırasında olduğunu söyləyib. Qazaxlı ziyalılara, xüsusən də ədəbiyyat sahəsində çalışan insanlara verdiyi yüksək qiymətə görə ölkə başçısı İlham Əliyevə, Qazaxda bütün yubiley tədbirlərinin yüksək səviyyədə təşkilinə görə rayon rəhbərinə ictimaiyyət nümayəndələri adından dərin minnətdarlığını bildirib.
Sonra Tovuz rayon Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Leyla Məmmədova “”Dəli Kür” əsərində işlədilmiş atalar sözlərinin ingilis dilindəki qarşılıqları“, K.Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin ingilis dili müəllimi Humay Əfəndili ”Şıxlı duası” adlı elmi məqalələrini, A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin fransız dili müəllimi Gülnur Əliyeva isə “Cəbhə gündəlikləri” əsərinin fransız dilinə olan tərcüməsini təqdim ediblər.
Daha sonra söz məktəblilərə verilib. İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin müəllimi Ludmila İbrahimovanın rəhbərliyi ilə şagirdlərin ifasında Barat Vüsalın "İsmayıl Şıxlını mən hardan alım” şeiri səslənib. İsmayıl Şıxlının "Namərd gülləsi” və "Sapı özümüzdən olan baltalar” hekayələri Azərbaycan və rus dillərində səhnələşdirilib.
F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin ingilis dili müəllimi Dürdanə Qələndərlinin rəhbərliyi altında şagirdlərin ifasında “Sapı özümüzdən olan baltalar” adlı hekayə bu dəfə ingilis dilində təqdim edilib.
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin fransız dili müəllimi Həbibə Mustafayeva və şagirdləri, Canalı kənd tam orta məktəbin fransız dili müəllimi Türkan Cəfərova və şagirdləri Xalq yazıçısının "Məni itirməyin” hekayəsini fransız, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Elgülnara Əmiraslanova və şagirdləri isə həmin hekayəni ingilis dillərində səhnələşdiriblər. Hər üç məktəbin şagirdlərinin ifasında təqdim olunan səhnəciklərdə İsmayıl Şıxlı əsərlərinin böyüklüyü, üstünlüyü bir daha nümayiş olunub.
A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin rus dili müəllimi Türkan Rəhimova və şagirdləri isə görkəmli ədibin “Ölən dünyam” romanından bir parçanı rus dilində çatdırıblar.
Təqdim olunan məqalələrdə, nümayiş etdirilən səhnəciklərdə, söylənilən fikirlərdə İsmayıl Şıxlı əsərlərinin bundan sonra da sevilə-sevilə oxunacağı bir daha nümayiş olunub. Ən əsası da onun əziz xatirəsinin Azərbaycan xalqının, İsmayılsevərlərin qəlbində əbədi yaşayacağı vurğulanıb.

 

Keçidlər