28 May – Respublika Günü İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbində qeyd olunub
28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından artıq 101 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü dövlət bayramı kimi qeyd edilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Respublika Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bu gün növbəti bayram tədbiri Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbində təşkil olunub.
28 May – Respublika Gününə həsr olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.
Məktəbin direktoru Samir Hüseynov tədbiri açıq elan edərək təbrik etmək üçün sözü rayon rəhbərliyinə verib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 28 May – Respublika Günü və müqəddəs Ramazan bayramı münasibətilə kənd sakinlərini, məktəbliləri təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı eyd edib ki, tarixi keçmişimizə nəzər salsaq görərik ki, doğrudan da 28 may təqvimdə Azərbaycan xalqı üçün əlamətdar bir gündür və tarixi əhəmiyyət daşıyır. Rayon rəhbəri bu tarixlə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yanaşı bugünkü müstəqil dövlətimizin əsasının qoyulduğunu qeyd edib. Müstəqil Azərbaycanın 1918-ci ildə qurulmuş AXC-nin varisi olduğunu qeyd edən rayon rəhbəri həmin müstəqilliyin 1991-ci ildə yenidən bərpa olunduğunu bildirib. İcra başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olduğu bir daha bütün dünyaya sübut olundu. Bütün dünya ölkələri bir daha əmin oldular ki, Azərbaycanın dünəni, bu günü və gələcəyi hər zaman əmin əllərdə olub və bundan sonra da olacaqdır. Ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində gündən-günə inkişaf edən Azərbaycanın qazandığı uğur və nailiyyətlər, ildən-ilə artan nüfuzu bunu söyləməyə əsas verir. Rayon rəhbəri arxada qoyduğumuz bu illər ərzində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin inkişaf etdiyini bildirib. Son illər Qazaxda aparılan tikinti-quruculuq, abadlıq işlərini, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə olunan uğurları qeyd edib və müstəqil Azərbaycanın çiçəklənməsi naminə bir daha hər kəsə uğurlar arzulayıb.
Məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbirin bədii hissəsinə start verilib.
Dövlət Bayrağının və Gerbin səhnəyə gətirilməsi alqışlarla qarşılanıb və 28 may tarixinin əhəmiyyəti bir daha vurğulanıb.
Məktəbin I sinif şagirdi Xədicə Qasımlının ifasında səslənən “Azərbaycana gəlsin”, IV sinif şagirdi Şəfa Əliyevanın ifasında səslənən “Azərbaycan”, V sinif şagirdi Ulduz Əsədzadənin ifasında səslənən “Azərbaycan bayrağı”, VII sinif şagirdi Aynur Musazadənin ifasında səslənən “Azərbaycan”, VIII sinif şagirdi Türkan Qasımzadənin ifasında səslənən “O sahildə, bu sahildə”, Zöhrə Əhmədzadənin ifasında səslənən “Azərbaycan”, Asya Abdullayevanın ifasında səslənən “Vətən” şeirləri Respublika Gününə həsr olunmuş tədbirə daha bir xoş ovqat qatıb.
Məktəblilərin hazırladıqları “Bayraq” rəqsi, “Odlar yurdum Azərbaycan”, “Qazax yetirir, yetirir”, “İgid əsgər” mahnıları və şəhidlərimizə həsr olunmuş səhnəcik tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.
Tədbirin bədii hissəsi məktəblilərin ifasında səslənən “Yaşa Azərbaycan” mahnısı ilə başa çatıb.
Məktəbin direktoru Samir Hüseynov sonda bir daha bugünkü tədbirdə iştirak etdiyinə görə rayon rəhbərliyinə məktəbin kollektivi adından minnətdarlığını çatdırıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, bu gün ölkə başçısının və Sizlərin təhsilə olan dövlət qayğısı nəticəsində şagirdlər bilik və bacarıqlarını reallaşdıra bilirlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq 28 May – Respublika Günü münasibətilə müəllim və şagirdləri bir daha təbrik edib və yeni-yeni nailiyyətlər qazanmağı arzu edib.