Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 28 May – Respublika Günü qeyd olunub

28 may 2019 | 16:00

Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür. 28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirmişdir. Həmin gün Respublika Günü kimi hər il qeyd olunur. Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da 28 May - Respublika Günü ilə əlaqədar tədbir keçirilib.
Qazax rayon Heydər Əliyev Mərkəzinin və Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkil etdiyi tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə 28 May – Respublika Günü haqqında ətraflı məlumatlar çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 28 May – Respublika Günü münasibətilə başda ölkə başçısı İlham Əliyev və ailə üzvləri olmaqla bütün Azərbaycan xalqını, rayon sakinlərini və tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib. Xoş arzularını çatdıraraq Azərbaycanın dünənindən, bu günündən söz açıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra qazandığı uğur və nailiyyətlərdən danışıb.
Geniş məruzə ilə çıxış edən icra başçısı bildirib ki, Azərbaycan Demokratik Respublikası süquta uğrasa da 1918-ci ildə onun Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Azərbaycan xalqı bu gün müstəqil bir dövlətin vətəndaşları olduqlarını qürurla söyləyə bilirlər. O müstəqil dövlət ki, gündən-günə inkişaf edir. Müstəqil Azərbaycanımızda elm, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm, eləcə də bir çox sahələrə olan diqqət və qayğı sayəsində həmin sahələrdə olan nailiyyətlər ölkəmizin qüdrətini daha da artırır. Həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlər, həyata keçirilən tədbirlər ölkəmizin iqtisadi inkişafından xəbər verir. Bunu son aylar ölkə başçısı İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar da aydın şəkildə göstərdi.
Rayon rəhbəri bildirib ki, Azərbaycanın iqtisadi, sosial, eləcə də digər sahələrdə olan uğurlu inkişafının nəticəsidir ki, bu gün ölkəmiz 10 milyonluq ölkədir.
İcra başçısı müstəqil dövlət olan Azərbaycanda Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi sosial layihələrdən də söz açıb. Dünən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları üçün Fondun təşkil etdiyi iftar süfrəsini qeyd edərək bir daha minnətdarlığını bildirib.
Bu cür tədbirlərin tariximizin yaşadılmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd edən icra başçısı tədbirin təşkilində əziyyəti keçən insanların əməyini yüksək qiymətləndirib.
Şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək 28 May – Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Sonra “Azərbaycan  Xalq Cümhuriyyətinin  yaranması, Cümhuriyyət dövründə sosial-mədəni tədbirlər və Cümhuriyyətin süqutunun səbəbləri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Səlim Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyev “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlətdir” mövzusunda fikirlərini bölüşüb.
Sonra şagirdlərin ifasında Respublika Gününə həsr olunmuş şeirlər səslənib. Məktəblilərin sazda ifa etdikləri Vətən ruhlu mahnılar alqışlarla qarşılanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq tədbir iştirakçılarını və Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Keçidlər