Şriftin ölçüsü :

Saytın rəngi :

Fərəhli kəndində yaşayan sakinlərlə səyyar görüş keçirilib

29 may 2019 | 16:00

Bu gün hər həftə keçirilən növbəti səyyar görüşlərdən biri rayonun Fərəhli kənd sakinləri ilə keçirilib. Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Həmçinin ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətdən, verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı əvvəlki görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən məsələləri öz dillərindən eşitmək və həlli istiqamətində əməli işlər görmək olduğunu bildirib. Qeyd edib ki, kənddəki mövcud vəziyyəti öyrənmək, həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Ötən il 6 dəfə, bu ilin birinci rübü üzrə 2 dəfə Fərəhli kəndində olduğunu qeyd edən rayon rəhbəri vətəndaş qayğılarının həllinə yönələn bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb və mütəmadi olaraq keçiriləcəyini qeyd edib.
İcra başçısı respublikamızın bütün bölgələrində olduğu kimi, son 3 ildə Qazaxda da genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələrdə uğurlu nəticələrin əldə olunduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, bu illər ərzində görülən işlərə nəzər salarkən aydın şəkildə görmək olur ki, rayonumuzda bütün sahələrdə - kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə uğurlu nəticələr əldə edilib. Rayon rəhbəri bildirib ki, ölkəmizdə fəaliyyət göstərən 40-dan çox dövlətin fövqəladə və səlahiyyətli səfirləri rayonumuzda olarkən son illər rayonda olan inkişafın əyani şəkildə şahidi oldular. Sərhəddə yaşayan sakinlərlə görüşərək qazaxlıların necə dözümlü, qəhrəman olduqlarını öz gözləri ilə gördülər.
Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan mərkəzi xəstəxana binasının tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib. Xüsusilə də "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. Bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsini həm də rayon sakinlərinin işlə təmin olunması istiqamətində atılan uğurlu addım kimi qeyd edib.
Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb. Rayonda məktəb tikintisi sahəsində görüləcək işlərdən danışan icra başçısı qəbul olunmuş 5 illik Dövlət Proqramına həmin illər üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib.
Ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətini qeyd edən icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr 2018-ci il tarixli sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması xəbərini hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Dövlət başçısının qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olan həmin ali sərəncama görə ziyalılar adından bir daha ölkə başçısına minnətdarlığını ifadə edib. Rayon rəhbəri həmin sərəncamların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də söz açıb. Yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb.
İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri də rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Ən əsası da uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılmasıdır. Rayonda olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin bariz nümunəsidir. Rayon rəhbəri Qazaxbəyli kənd uşaq bağçasının da yaxın günlərdə açılışının olacağını bildirib.
Rayon rəhbəri vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görüldüyünü qeyd edib. Ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutu kimi dəyərləndirib. Qeyd edib ki, bütün bu işlər vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.
İcra başçısı qeyd edib ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini də diqqətə çatdırıb.
“Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır”, - deyən icra başçısı Qazaxda da vətəndaş amilinin hər zaman diqqət mərkəzində saxlanıldığını, son 3 ildə ölkə başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlərin, fərdi qəbulların, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsinin məhz bu məqsədə xidmət etdiyini vurğulayıb.
Rayon rəhbəri ötən ilin axırları və bu ilin birinci rübündə ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamların, həyata keçirilən uğurlu layihələrin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəldildiyini qeyd edib. Buna misal olaraq əmək haqqının, təqaüdlərin, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına, tələbələrə verilən təqaüdlərin artırılmasını, eyni zamanda, ödənişli əsaslarla təhsil alan tələbələrə belə təqaüdlərin verilməsini, problemli kreditlərin həll olunması və bunun kimi onlarla işləri göstərib. İcra başçısı bütün bu işlərin təməlində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda əldə olunan gəlirlərin, artımların dayandığını qeyd edib.
Heydər Əliyev Fondunun təsis olunduğu ilk gündən hər zaman ölkə vətəndaşlarının yanında olduğunu qeyd edən icra başçısı Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında son illər görülən işlərdən də söz açıb. Müqəddəs Ramazan bayramı münasibətilə respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda iftar süfrələrinin açılmasını ən nəcib addım kimi qiymətləndirib və bu xeyirxah əmələ görə bir daha rayon ictimaiyyəti adından dərin minnətdarlığını bidlrib.
Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. 2018-ci ildə yol infrastrukturu ilə bağlı görülən işlərin 2019-cu ildə də uğurla davam etdirildiyini və Dövlət Proqramında da öz əksini tapdığını qeyd edib. Hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulmasını bu dediklərimizin əyani sübutu olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 22 aprel 2019-cu il tarixli sərəncamı bir daha sübut etdi ki, yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. İcra başçısı Fərəhli yolunun ikinci yarımillikdə təmir olunmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişi ilə bağlı görülən işlərdən də danışıb. 
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Qeyd edib ki, mavi yanacağın limitinin 1700 kubmetrdən 2200 kubmetrə çatdırılması əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.
İcra başçısı bildirib ki, 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısının məmurlarla bağlı söylədiyi fikirləri bir daha diqqətə çatdırıb. Bildirib ki, dövlət hər zaman öz vətəndaşının, xalqının yanında olmalıdır. Çünki ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Odur ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcu olmalıdır. Rayon rəhbəri bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün tutulmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət göstərməlidirlər.
Kənd sakinlərindən Bəhram Nəbiyev, Mustafa Abdullayev, Elçin Məmmədov, Müşfiq Məmmədov, Alı Həsənov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Kənddə görülən işlərdən danışan sakinlər qeyd ediblər ki, kəndimizdə bizi narahat edən ən böyük problem yolun əsaslı şəkildə təmir olunmasıdır ki, onun da şad xəbərini bizlərə çatdırdınız. Ölkə başçısının qayğısı sayəsində Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsi xəbəri biz çox sevindirir. Ona görə sevindirir ki, ölkə başçısının qayğısı nəticəsində qaldırdığımız hər bir məsələ öz müsbət həllini tapır. Sevinirik ki, ulu öndər Heydər Əliyev vaxtilə xalqına, millətinə necə qayğı ilə yanaşırdısa, bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev də o cür qayğı göstərir. O, necə xalqın arasında olurdusa, bu gün ölkə başçısı da daim biz sakinlərin yanındadır. Biz sakinləri narahat edən ən xırda məsələyə belə xüsusi həssaslıqla yanaşır. Bunu son aylar imzalanan fərman və sərəncamlardan da aydın şəkildə gördük.
Sakinlər rayonda onlara göstərilən diqqət və qayğıya görə də razılıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz sözümüzü belə asanlıqla çatdıra bilirik. Ən əsası da qaldırdığımız hər bir məsələyə mütləq şəkildə baxılacağını bilirik. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən kənddə internetin sürətinin zəif olması, telefon dayaqlarının dəyişdirilməsi, telefon xəttinin yenilənməsi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq müqədəs Ramazan bayramı münasibətilə sakinləri bir daha təbrik edib. Ölkəmizin, rayonumuzun inkişafı naminə dövlət başçısına uğurlar arzulayıb.

 

Keçidlər